"Bolt Food" partnyor restoranlarının pullarını köçürməkdə çətinlik yaşayır. Bunu sözügedən şirkətin partnyoru "Ab-Hava" restoranı iddia edir.
""Bolt Food" vasitəsilə satılan yeməklərin ödənişini sözügedən şirkət alır. Daha sonra müqavilə üzrə bölgülər olunaraq bizim hesabımıza geri qalan vəsait ödənilir. Amma cari ilin yanvar ayından etibarən "Bolt Food" tərəfindən heç bir ödəniş ala bilmirik. Məsələ ilə bağlı şirkətə dəfələrlə müraciət etmişik. "Sorğunuz qeydə alındı" sözündən başqa cavab ala bilməmişik. Sonuncu müraciətimizdə "məbləğ hesabınıza göndərilib" deyilsə də bankımız bunu inkar edərək hesabımıza heç bir məbləğin gəlmədiyini deyir.
Cari ildə "Bolt Food" vasitəsilə 1.279,49 manatlıq satış həyata keçirmişik. Bu vəsaitin 32 faizi komissiya olaraq şirkət tərəfindən tutulub geri qalan hissəsi müqaviləyə uyğun olaraq bizin bank hesabımıza köçürülməlidir. Ödənişlərimiz həyata keçirilənədək sözügedən şirkəti boykot edib sifarişləri ləğv edirik" deyə restoran sahibi O.Q tərəfindən bildirilib.
Restoran sahibi həmçinin qeyd edib ki, məsələ öz həllini tapmasa "Bolt Food" şirkətini müqaviləyə uyğun olaraq məhkəməyə verəcək.
Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlmağa çalışsaq da cəhdlərimiz uğursuz oldu.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.