Вернуться назад Распечатать

Eldar Əzizov yağışdan çıxıb, yağmura düşüb ...

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun güclü yağıntılar zamanı tunelləri və körpüaltı keçidləri nəqliyyat vasitələrinin üzünə bağlamaq təklifi sosial şəbəkələrdə geniş müzakirə olunur.

Medianevs.az“Facebook” şəbəkəsində bu məsələyə münasibət bildirmiş media nümayəndələrinin fikirlərindən seçmələri təqdim edir.

Dilqəm Əhməd:

– Eldar Əzizov Difaidən yazıb, amma Bakını müdafiə edə bilməyib.

Niyaz Niftiyev:

– Çıxış yoluna baxın da… Şəhər təsərrüfatının yarıtmaz gündə olmasının səbəbi də elə bu cür yanaşmadır.

Oqtay Qorçu:

– İşi başından aşan, paytaxt şəhəri Bakını çox cüzi büdcənin sayəsində abadlaşdıran merin orijinal təklifini qulaqardına vurmaq olmaz. Yağışda boğulmaq istəməyən vətəndaşlar bu rəhmli və şəfqətli cənab məmura dəstək verməlidir. Hiss olunur ki, məmur xalqa, onun mədəniyyətinə bağlı adamdır və söz yox ki, “Apardı sellər Saranı” mahnısını da sevə-sevə dinləyir.

Təklif edirəm ki, Bakıdakı bütün tunellərin girişində qədim adətimizə uyğun və bizim milli qarğışımız sayılan “Buradan keçənə gün işığı qənim olsun!” şüarı həkk edilsin.

Səid Qərib:

– Eldar Əzizov həll yolunu tapıb. Deyir ki, leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun. Vallah, Hacıbala müəllimin o vaxt yapon mütəxəssisindən etdiyi tərcümə bundan daha anlaşılan idi.

Xaqani Səfəroğlu:

– Tutaq ki, yolu bağladıq. Bəs ora yığılan su necə olacaq?

Qədim dünyada düşmənin şəhərə girməməsi üçün qala qapıları bağlanırdı. Eldar müəllim ixtisasca tarixçdir. Yəqin bunu xatırlayıb…

Azad Nurulu:

– Eldar müəllim, bu cür təkliflərinizi özünüzdə saxlayın. Leysan vaxtı tunellerə girişi niyə qadağan edirsiniz? Əgər bir problem varsa, onun həll yolunu tapmaq lazımdır. Ola bilsin, bu problemlərin bəziləri sizdən əvvəlki məmurun vaxtından qalıb. Amma hazırda vəzifədə olan sizsiniz. Yetərli qədər də səlahiyyətiniz var. Nəyi gözləyirsiniz?

Hər yağış yağanda Bakıda aləm dəyir bir-birinə, həm sürücülər əziyyət çəkir, həm də yol polisləri. Bu nə vaxta qədər belə davam edəcək?

Bu cür gülünc açıqlamalar verməkdənsə, iş görün.

Nübar Lətifli:

– Diqqət etsək, demək olar ki, Bakıda bütün yollar tunellərə, keçidlərə çıxır. Eldar müəllimi qınamıram, yağış yağanda evdən işləyir yəqin. Amma bir gün işə getməsə evdə uşaqları ac qalan ailələr var.

Ədil Ədilzadə:

– Eldar Əzizov deyib ki, leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun.

Yenə sağ olsun, deməyib belə vəziyyətlərdə evdən çıxan adamlar cərimələnsin…

Bu təklif cəmiyyətə belə bir mesaj da verir: “Biz problemi həll edə bilmirik, siz də uyğunlaşın”.