Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bir neçə iqtisadçı ilə görüşüb.
1xeber.media xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, görüş zamanı bəzi məsələlər müzakirə edilib:
“Mərkəzi Bankın həftəlik valyuta hərraclarının nəticələrini bir aydan çoxdur, açıqlamamasını doğru saymıram. Fikrimcə, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Burada Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdım. Problem odur ki, bu vəsait 3-4 iri, sistemyaradan banklara yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür. Həmçinin ölkədə vətəndaşların arasında xarici birjalarda qiymətli kağızların alqı-satqısı getdikcə populyarlaşır, amma vergi insanlara problem yaradır. Buna görə də, bizim treyderlər xarici banklara üz tutub onların onlayn bankçılığı platformalarından istifadəyə üstünlük verirlər”
N.Cəfərlinin sözlərinə görə, AMB sədri bildirib ki, ölkədə cəmi 150 min vətəndaşın əmanət hesabı var:
“Bu, ölkəmiz üçün çox kiçik rəqəmdir. Səbəblər bank sektoruna güvənin hələ tam təsis olunmaması, gizli iqtisadiyyatın miqyasının böyük olmasıdır. Görüşdə bank kredit faizlərinin yüksək olması, manatın gələcəyi də müzakirə olundu. Aldığımız siqnal belədir ki, nə AMB, nə də hökumət yaxın-orta vadədə manatın məzənnəsinin dəyişməsini istəmir. Onlar inzibati-sabit məzənnə rejimini saxlamağı düşünürlər”.