Вернуться назад Распечатать

Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir

Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Pekində Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən, Azərbaycan-Çin münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, praktiki fəaliyyətdən, eyni zamanda gələcəkdə Azərbaycan və Çini biri-birinə uzun müddət dayanıqlı şəkildə yaxınlaşdıracaq fəaliyyətindən danışıb.

Heydər Əliyevin irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib. Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”.

Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki ölkə maraqlıdır. Bizim münasibətlərimiz siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə edib. Təbii ki, Azərbaycan da vahid Çin ideyasını dəstəklədiyini açıq şəkildə bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində deyib: “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz.

Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik.

Azərbaycanın Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsdür. Çinlə iqtisadi cəhətdən əməkdaşlığımız genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları iştirak edirlər. Eyni zamanda, Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim İpək Yolunun bərpa edilməsi ilə
əlaqədar aparılan işlər çərçivəsində reallaşır.

Azərbaycan və Çin yeni nəqliyyat, enerji və tranzit marşrutlarının yaradılması və şaxələndirilməsi, Şərq-Qərb təhlükəszilik və əməkdaşlıq dəhlizinin formalaşmasımda maraqlı dövlətlər kimi yaxından əməkdaşlıq edərək Zəngəzur dəhlizinin yaradılması fonunda regionda möhkəm dostluq və birlik formatı yaratmaqda qərarlı və iradəlidir. Avrasiya regionu ölkələri üçün strateji əhəmiyyət kəsb edən bu təşəbbüslər Şərqdən Qərbə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqinin artmasına töhfə verməyə xidmət edir.


Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta ümumtəhsil məktəbinin direktoru