Marketlərdə normal mal ətindən çəkildiyi iddia olunan farşın keyfiyyəti və tərkibi alıcılarda həmişə sual doğurur: doğrudanmı farşın tərkibini normal mal və ya qoyun əti təşkil edir?
Məsələ burasındadır ki, farşın qiyməti sümüklü və sümüksüz mal ətindən ucuz olduğundan onun tərkibi də sual və şübhə doğurur.Tanınmış publisist, şair Murad Köhnəqala bu məsələni sosial şəbəkədə gündəmə gətirib.
“Marketlərdə sümüklü mal əti 17 manatdan, sümüksüz isə 20 manatdan başlayır. Ət maşınından çıxmış farş (döyülmüş ət) isə 12 manata satılır. Mənə maraqlıdı, görəsən, o satılan farş doğrudanmı, satıcıların söylədiyi kimi, ətin eybəcər, görkəmsiz yerlərindən çəkilir, yoxsa bunun başqa sirri var?”, - M.Köhnəqala soruşub.
Yazarın sözlərinə görə, hər nə qədər “farş alıb yemirəm” desək də, onu kafe-restoranlarda bizə xəngəl, dolma, kiftə, lüləkabab, kotlet adı ilə yedizdirirlər.
Murad Köhnəqalanın açdığı müzakirə ciddi maraq doğurub və məsələyə müxtəlif rəylər bildirilib.
Əksəriyyət iddia edib ki, marketlərdə satılan farş malın baş ətindən, bir də qarına yaxın nazik boş ətdən çəkilir.
Məsələyə uzun illərdir ət kəsimi ilə məşğul olduğunu deyən Rahil Abbasov adlı qəssab da rəy bildirib. O, marketlərdə satılan farşın hansı ətdən çəkildiyə aydınlıq gətirib. Deyib ki, farş əsasən ucuz ətlərdən, o cümlədən baş və başa yaxın hissədən çəkilir:
“Farş əsasən aşağıdakı ətlərdən hazırlanır:
- Ucuz tör-töküntü ətlərdən;
- Xaricdən gətirilən donmuş və həkim nəzarətindən keçmiş ətlərdən (dönər də belə ətlərdən hazırlanır)
- İstifadə vaxtı bitməyinə az qalan ətlərdən;
- İç piyi və ya dananın yanlarından qoparılmış piylə qarışdırlmış xarab ətlərdən”.
Qəssab alıcılara məsləhət də verib: “Gözünüzün qabağında çəkilməyən farşı almaq məsləhət deyil”. O, deyib ki, ən yaxşısı, normal təzə ət seçib, özünüz farş edib yemək bişirməkdir.modern.az