Вернуться назад Распечатать

Ağdam başda olmaqla bütün azad olunmuş ərazilər təhlükəsiz, abad məkana çevrilir - RƏY

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri regionun simasını tamamilə dəyişib.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva Prezident İlham Əliyevin Ağdama səfəri haqqında danışarkən deyib.

O xatırladıb ki, ölkə başçısının 10 may - Ulu Öndərin doğum günündə Ağdama səfəri zamanı növbəti inkişaf mərhələsinin şahidi olduq:

"Ağdamda Sarıcalıdan sonra artıq ikinci kənd - Kəngərli də tam bərpa olunub və doğma sakinlərin burada məskunlaşması üçün hər cür şərait yaradılıb. Bu, azad olunmuş ərazilərdə bərpa olunan 14-cü yaşayış məntəqəsidir.

Prezident İlham Əliyenin Kəngərli sakinləri ilə görüşdə də söylədiyi kimi, təkcə Ağdamda yox, demək olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Çünki həm Ermənistan, həm də onun havadarları işğalın əbədi qalmasına çalışırdı. Amma onlar Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, Azərbaycan dövlətinin güc toplayaraq düşməni öz torpağından qovacağını hesablaya bilməmişdilər.

Ölkə başçısı bir daha bildirdi ki, siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü ordu, vətənpərvərlik və milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil bizim böyük Qələbəmizi şərtləndirdi. Azərbaycan elə bir tarix yazıb ki, son 5 ildir, hər kəs bundan danışır. Qarabağ və Şərqi Zəngəzurun yenilənən siması da dünyanın diqqətindədir".