Вернуться назад Распечатать

Dmitriev Tramp administrasiyasının Rusiya və Ukrayna arasında danışıqlarda əsas rolundan danışıb

İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların təşkilində əsas rolu ABŞ prezidenti Donald Trampın administrasiyası oynayıb.

1xeber.media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev X sosial şəbəkəsində bildirib.

"İstanbulda son üç ildə ilk Rusiya-Ukrayna sülh danışıqları başlayıb. Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların baş tutmasında Tramp administrasiyası əsas rol oynayıb", - siyasətçi yazıb.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan demişdi ki, Moskva və Kiyev arasında mayın 16-da İstanbulda keçiriləcək danışıqlar iki ölkə liderlərinin gələcək görüşünü müəyyən etməlidir. Eyni zamanda, xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, Ankara münaqişənin həlli məsələsində həmişə “orada olacaq” və onun başa çatmasında maraqlıdır.

Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında danışıqlar mayın 16-da, cümə günü, Moskva vaxtı ilə saat 13:35-də başlayıb. Rusiya nümayəndə heyətinə 2022-ci ildə İstanbulda Kiyevlə danışıqlarda Moskvanı təmsil edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edib. Ukrayna nümayəndə heyətinə isə respublikanın müdafiə naziri Rustem Umerov başçılıq edib.