Вернуться назад Распечатать

Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadr dəyişikliyi baş verib. Qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə Fuad Xəlilov təyin edilib.

1xeber.media  məlumatına görə, bank və maliyyə sahəsində 16 ildən artıq təcrübəyə malik olan Fuad Xəlilov bu illər ərzində ölkənin müxtəlif aparıcı şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Belə ki, o peşəkar karyerasına 2000-ci ildə NIKOIL Bank-da girov bölməsi üzrə mütəxəssis kimi başlayıb, sonrakı illərdə Bank Standard Azerbaijan-da müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, burada 11 ildən artıq müddətdə filial direktoru, pərakəndə kreditlər şöbəsinin müdiri və kreditlər şöbəsinin baş mütəxəssis kimi çalışıb.

2016-cı ildə sığorta sektoruna keçid edən Xəlilov "Standard Sığorta" ASC-də İdarə Heyətinin sədri vəzifəsini icra edib. 2020-ci ildə qısa müddət Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri kimi də fəaliyyət göstərib.

Mobil rabitə və texnologiya sektorunda da təcrübə qazanan Fuad Xəlilov 2017–2021-ci illərdə “Bakcell”də B2B satış və Məhsul Marketinq Departamentinin rəhbəri olub.

Daha sonra “Azerconnect” Qrupunda 4 ildən artıq müddətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həm B2B şöbəsinin müdiri, həm də B2B və FIXED məhsulların satışı şöbəsinin rəhbəri olub.

2023-cü ilin avqust ayından etibarən isə “EasyCep Azərbaycan” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Qeyd edək ki, Fuad Xəlilov 1996–2000-ci illərdə iqtisadiyyat üzrə bakalavr təhsili alıb./Bakupost.az