“Rusiya və İranın böyük elektrik şəbəkələri var və bu şəbəkələr birləşdirilərsə, regionda digər ölkələrin faydalana biləcəyi güclü elektrik enerjisi mənbəyi yarada bilər”.
1xeber.media İRNA-ya istinadən xəbər verir ki, bunu İranın energetika naziri Abbas Əliabadi deyib.
Əliabadi Rusiyanın energetika naziri Sergey Tsiviliev ilə görüşündə qeyd edib ki, Rusiya İranın əsas qonşularından biridir və digər qonşu ölkələr arasında xüsusi əhəmiyyət kəsb edir: “Bu görüşdə Sirik elektrik stansiyasının tikintisi və İran və Rusiya arasında elektrik əlaqələrinin yaradılması və gücləndirilməsi ilə bağlı iki mühüm məsələ qaldırılıb. Elektrik stansiyası ilə bağlı İran və Rusiya arasında müqavilə imzalanıb və biz onun həyata keçirilməsində maraqlıyıq. Rusiya tərəfi də bu məsələdə İran şirkətləri ilə əməkdaşlığa maraq göstərir”.
Nazir bildirib ki, ölkələrin elektrik şəbəkələrini əlaqələndirmək üçün Azərbaycan ərazisindən istifadə olunması nəzərdə tutulur: “Biz Azərbaycan ərazisindən istifadə edərək iki ölkə arasında əməkdaşlıq vasitəsilə bu elektrik əlaqəsini gücləndirmək üçün çoxdan təkliflər irəli sürmüşük”.