Вернуться назад Распечатать

Azərbaycan-Macarıstan münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə mühüm töhfə

Mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Budapeştə işgüzar  səfəri iki ölkə arasında əlaqələrin inkişafına təsir baxımından böyük əhəmiyyətə malik siyasi hadisədir. Bu səfər artıq Azərbaycan-Macarıstan münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə mühüm töhfədir. Səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında bir çox prioritet istiqamətlər  üzrə mühüm əhəmiyyətli danışıqlar gələcəkdə, bütün sahələrdə qarşılıqlı fayda əsasında daha səmərəli əməkdaşlıq üçün zəmin yaradır.

2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə və 2023-cü ildə bunun genişləndirilmiş forması artıq təkcə diplomatik akt deyil, iki dövlətin qarşılıqlı maraqları və uzunmüddətli niyyətlərini ifadə edən konseptual çərçivəyə çevrilib. Enerji təhlükəsizliyindən tutmuş, təhsil və humanitar sahələrə qədər əməkdaşlıq spektri bu tərəfdaşlığın dərinliyini nümayiş etdirir. Bu sənədlər arasında əsas müzakirə olunan məsələ qaz nəqli sahəsində əməkdaşlıqdır.

Rusiya – Ukrayna müharibəsinin davam etməsi Avropa qitəsində enerji təhlükəsizliyinin aktuallığını gücləndirir. Azərbaycan qazının Şərqi və Mərkəzi Avropa ölkələrinə çatdırılması həmin ölkələr üçün bu problemin həll edilməsi ilə paralel olaraq, həm də  Azərbaycan üçün enerji bazarlarının genişlənməsi deməkdir. Tərəflər suverenlik, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini əsas tutaraq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməklə geosiyasi münasibətlərə özünəməxsus töhfə verirlər. Hazırda Avropa İttifaqına sədrlik edən Macarıstanın bu qurum daxilində Azərbaycanın maraqlarını dəstəkləyən ölkələrdən biri olması respublikamızın Avropaya inteqrasiya səyləri üçün əhəmiyyətli diplomatik dayaq yaradır.
Xəzər küləklərindən Qara dənizin dibi ilə Avropaya uzanan enerji infrastrukturu yalnız texnoloji layihə deyil – bu, regionlar arasında etimadın, qarşılıqlı inamın və siyasi iradənin nəticəsidir.

Azərbaycanın enerji ixracı artıq neft və qazla məhdudlaşmır, həm də “yaşıl” enerjiyə keçidi sürətləndirir.İki ölkə arasında ticarət dövriyyəsindəki artım və investisiya təşəbbüsləri göstərir ki, əməkdaşlıq sadəcə dövlətlərarası deyil, həm də biznes mühitləri arasında qurulur. Macarıstan şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi layihələr, infrastruktur və təhsil obyektlərinin tikintisi, həm də postmünaqişə dövrü diplomatiyasının yeni mərhələsidir. Bu, Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təkcə sözlə deyil, əməli fəaliyyətlə dəstəklədiyini göstərir. 

Qarşılıqlı əlaqələr bütün müstəvilərdə bir-birini tamamlayan aspektlər üzərində qurulur. 2009- cu ildən bəri iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

 Azərbaycan-Macarıstan münasibətlərinin parlament ölçüsü də kifayət qədər səmərəli və məhsuldardır. Qanunvericilik orqanlarının rəhbərlikləri səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər və bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən artıq  sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Ölkələrimizin qarşılaşdıqları problemlərin həllində  parlament diplomatiyasının əhəmiyyəti çox böyükdür. Deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqlarının müdafiəsində bir-birinə dəstək verirlər. Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları mütəmadi olaraq faydalı fikir mübadiləsi vasitəsilə ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayırlar. Bu nəticənin əldə olunmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi mövqeyi və diplomatik addımları müstəsna əhəmiyyətə malikdir. Macarıstanın Baş naziri Viktor Orbanın ”Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”  kimi səmimi etirafı dövlət başçımızın dünya çapında güclü lider obrazının qürur yaşadan təcəssümüdür.

Pəhlivan Qarayev,
Sabirabad rayonu, Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbinin
direktoru