“Azərbaycanda daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur”.
1xeber.media xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, güzəştli şərtlərlə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub:
“Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-cu maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir. Sözügedən qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla, beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar istifadə edirsə, o zaman onlar 60 yaşında pensiyaya çıxırlar”.
Deputat bildirib ki, qanunun 9-cu maddəsinə görə, güzəştli şərtlərlə pensiya hüququ qazanan vətəndaşların siyahısı genişdir:
“Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər”.
V.Bayramov qeyd edib ki, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanlarında çalışanların qulluq müddətindən asılı olaraq, daha tez pensiyaya çıxmaq hüquqları mövcuddur:
“Bütün bunlarla yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi təqdim edirik”.