Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqların “konstruktiv atmosferdə” keçdiyini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə nazir X sosial şəbəkəsində yazıb.
“Danışıqlar konstruktiv şəraitdə keçib və tərəflər ilk görüş zamanı əldə olunmuş razılaşmaları möhkəmləndiriblər”, - deyə o bildirib.
Fidanın sözlərinə görə, humanitar mübadilə yeni kateqoriyaları və daha çox insanı əhatə etmək üçün genişlənir.
İyunun 2-də İstanbulda keçirilən danışıqlarda Rusiya Federasiyasının Ukrayna tərəfinə münaqişənin həlli ilə bağlı memorandumu təhvil verdiyi daha əvvəl bildirilmişdi. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin sözlərinə görə, sənəd iki hissədən ibarətdir. Birincisi uzunmüddətli sülhə nail olmaq üçün atılan addımlara, ikincisi isə tam hüquqlu atəşkəsə nail olmaq yollarına aiddir.
İki ölkə arasında danışıqların ikinci raundu iyunun 2-də Moskva vaxtı ilə saat 15:57-də başa çatıb. Görüş bir saatdan bir qədər çox davam etdi. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə ölkənin müdafiə naziri Rustem Umerov başçılıq edib.