Вернуться назад Распечатать

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir

Dövlət başçısı İlham Əliyev iyunun 2-də işinə başlayan 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, bizim yaşıl enerji gündəliyimiz çox genişdir.

Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışlarında bu reallıqlar daim önə çəkilir ki, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər
tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır.

Dövlət başçısı İlham Əliyev yubiley Neft-Qaz Sərgisindəki çıxışında  vurğuladı ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən cənab İlham Əliyev  xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğuladı. O da qeyd edildi ki, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi.

Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi. Təbii ki, Azərbaycanın bu gün böyük investisiyalar məkanı kimi tanınmasında və nüfuz
qazanmasında «Əsrin müqaviləsi»nin rolu böyükdür.  Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə ölkədə sabitliyin uğurların davamlılığında əsas faktorlardan biri olduğunu aydın şəkildə görürük. Ölkəmizin 1993-cü ildən bugünədək böyük investisiyalar məkanına çevrilməsində də bu amil əsas rol oynayır. Əminliklə qeyd edirik ki, Azərbaycan xarici investorlar üçün çox cəlbedici ölkədir. Təbii ki, təkcə yaxşı investisiya iqliminin olması şərt deyil. Bunun üçün müstəqilliyimizin ilk ilində mövcud duruma diqqət yetirək.

 O zaman Azərbaycandakı ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması da inkaredilməzdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə
açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər.

Bunları yenidən təhlil etməyimizə səbəb Ümummilli Lider Heydər Əliyevin müəddif olduğu neft strategiyasının Azərbaycana böyük uğurlar qazandırdığını əsaslı şəkildə diqqətə çatdırmaqdır. Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabitlik olan yerlərə
sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də
«Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək.  

Rəşad Qurbanov,
Sabirabad rayon Gənclər Evinin direktoru