2025-ci il 2 iyun tarixində Bakı Ekspo Mərkəzində öz işinə başlayan və 4 iyunadək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu “Baku Energy Forum” artıq ikinci gündür ki, dünya ölkələrinin diqqət mərkəzindədir.
Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yalnız enerji sahəsində əldə edilən nailiyyətlərə nəzər
salmaqla kifayətlənməyib, həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyində və yaşıl keçid prosesində oynadığı strateji rolu dərin siyasi və iqtisadi baxış bucağından şərh edib. Cənab Prezident çıxışı zamanı Azərbaycanın milli inkişaf modelindən – iqtisadi dayanıqlılıq, geosiyasi mövqe və ekoloji məsuliyyət üçlüyünə əsaslanan transformasiya xəttindən bəhs etdi.
Dövlət başçısı çıxışında diqqəti 1994-cü ildə təşkil edilən ilk Xəzər Neft və Qaz Sərgisinə yönəltməklə, Azərbaycanın enerji strategiyasının təməl daşlarının qoyulduğu dövrü xatırlatdı. Elə həmin ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” yalnız neft sahəsində kommersiya razılaşması deyil, həm də Azərbaycan dövlətçiliyinin suverenlik yolundakı dönüş nöqtəsi olmuşdur. Bu müqavilə, müstəqilliyini yeni bərpa etmiş, daxili siyasi böhran içərisində olan və ərazilərinin 20 faizini itirmiş Azərbaycanın dünyaya etibarlı tərəfdaş olduğunu sübut etməsi üçün tarixi fürsət idi. Bu addım, Ulu Öndər Heydər Əliyevin qətiyyətli liderliyi və uzaqgörən baxışları sayəsində mümkün olmuşdu. Həmin dövrdə 1000 faizlik inflyasiya, ümumi yoxsulluq və sosial dağınıqlıq şəraitində xarici sərmayə cəlb etmək böyük siyasi cəsarət tələb edirdi. Bu cəsarət Azərbaycanın enerji sektorunu yalnız iqtisadi artımın deyil, siyasi sabitliyin də aparıcı sütununa çevirdi.
Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq enerji xəritəsindəki yerini təsvir edərkən sadəcə fiziki resurslara deyil, həm də ölkənin geosiyasi rıçaqlarına toxundu. Ölkəmizin açıq dənizlərə çıxışının olmamasına rəğmən, İtaliya sahillərinə qədər uzanan Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrə liderliklik etməsi qlobal enerji təhlükəsizliyində Azərbaycanın strateji rolunu sübut edir. Xəzər dənizindən Aralıq dənizi sahillərinə qədər gedib çatan 3500 km-lik bu infrastruktur xətti, Avroasiyanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı həm də siyasət və diplomatiya yoludur.
Bu baxımdan, Azərbaycan enerji ixracatçısı olmaqdan daha artıq, enerji siyasətini qlobal təhlükəsizlik arxitekturasının bir parçasına çevirən azsaylı ölkələrdən biridir. Bu isə dövlətimizi regional oyunçudan qlobal aktora yüksəldir. Cənab Prezidentin qeyd etdiyi kimi, qaz ixrac etdiyimiz ölkələrin sayının bir ildə 8-dən 12-yə yüksəlməsi təsadüfi deyil – bu, Azərbaycanın tərəfdaşlıq siyasətinin nəticəsidir.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın enerji sektorunda qazandığı uğurlar fonunda iqtisadi dayanıqlığa xüsusi önəm verdi. Ölkənin xarici borcunun ÜDM-in cəmi 7 faizini təşkil etməsi və maliyyə ehtiyatlarının bu borcu 14 dəfə üstələməsi, yalnız büdcə idarəçiliyinin səmərəliliyini deyil, həm də iqtisadi müstəqilliyin yüksək səviyyəsini göstərir. Azərbaycanın iqtisadi siyasətində makroiqtisadi sabitliklə yanaşı, inklüziv inkişaf da diqqət mərkəzindədir. Cənab Prezidentin qeyd etdiyi kimi 5 faizə düşən yoxsulluq səviyyəsi və 100 faizlik savadlılıq göstəricisi, sosial investisiyaların effektivliyini nümayiş etdirir. Azərbaycanın yalnız karbohidrogen ixracatçısı kimi deyil, həm də yaşıl enerji gündəliyində fəal iştirakçı kimi mövqelərini gücləndirməsi, dövlət başçısının çıxışında mühüm yer tutdu. Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Power” sərgisinin keçirilməsi bu strategiyanın bariz nümunəsidir.
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru