Вернуться назад Распечатать

İsrailin gerçək hədəfi budur: – Azərbaycan detalı

Dünyanın nüfuzlu media orqanlarından “CBS Nyus”un yaydığı məlumata görə, ABŞ Prezidenti  Tramp İsrailin İranın Ali rəhbəri Ayətullah Əli Xameneini öldürmək planını rədd edib. Məlumata görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya bu cür sui-qəsdin “yaxşı fikir olmadığını” bildirib. İsrail tərəfi isə veto iddialarını təkzib edib.

1xeber.media  xəbər verir ki Globalinfo.az-a  danışan politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Netanyahu dolayı şəkildə Trampın İsrailə  yol  göstərmək səlahiyyətində olmadığını vurğulamağa çalışıb:

“Netanyahu, eyni zamanda, Trampla aralarında gedən gizli mübarizənin bəzi detalları üzə çıxarır. Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Tramp İsrailə İrana hücumla bağlı razılıq verməyib. Netanyahunun son bəyanatları isə bu məlumatların doğru ola biləcəyini göstərir. Belə ki, Trampın etirazına baxmayaraq, Netanyahu İrana hücumu həyata keçirib. Tramp  və onun komandası sonradan bu hücum barədə məlumatlı olduqlarını bəyan etmək məcburiyyətində qalıblar. Əks halda, İsraillə ABŞ   arasında mövcud gərginlik daha da dərinləşə bilərdi.

Amma daha maraqlı məqam İsrailin növbəti hədəfinin məhz İranın Əli Xamenei olması ehtimalıdır. Trampın Netanyahuya bu istiqamətdə qadağa  qoyması haqda məlumatın mətbuata sızdırılması, əslində, İranın sayıqlığını azaltmaq məqsədi daşıya bilərmi?

İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nə qədər gözlənilməz və sarsıdıcı olsa da, İranın cavab olaraq atdığı raketlərin yaratdığı dağıntı və itkilər gözləniləndən daha ciddi oldu. İsrail ABŞ-ın dəstəyi ilə bu raket və dronların yolun yarısında zərərsizləşdiriləcəyinə ümid edirdi. Lakin hücumlar və mövcud müdafiə sistemləri İranın əks-zərbələrinin qarşısını tam ala bilmədi. Nəticədə, İran da – İsrail qədər olmasa belə – öz hərbi gücünü və müdafiə imkanlarını göstərərək İsrailin şəhərlərinə zərbələr endirdi, mülki itkilərə səbəb oldu”.

Politoloq qeyd edib ki, belə vəziyyətdə İranı yalnız Ali rəhbərin, yaxud ondan sonrakı şəxsin, yəni Prezidentin zərərsizləşdirilməsi dayandıra bilər:

“Məhz buna görə bu gün İsrailin hədəfində məhz Ayətullah Xameneinin olması daha real görünür. Çünki prezident  Məsud Pezeşkianın hədəf alınması İsrail üçün arzuolunan nəticəni verməyə bilər. Üstəlik, İsraillə yaxın münasibətlərə malik olan Azərbaycanın ictimai rəyində bu, narazılıq doğurar.

Beləliklə, yaxın günlərdə İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin iqamətgahının İsrailin raket zərbəsinə məruz qalmasının şahidi ola bilərik. Onun bu zərbələrdən sağ çıxıb-çıxmaması isə təhlükəsizliyinin hansı səviyyədə qorunduğundan asılı olacaq”.