Rəqqasə Fatimə Fətəliyevanın Ümrə ziyarəti zamanı Kəbədən çəkdiyi video sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb. Sənətçinin bu addımı son zamanlar sənət adamlarının Ümrə ziyarətlərini reklam etmələri məsələsini gündəmə gətirib. Bildirilib ki, ibadətləri bu cür reklam etmək, ondan şou yaratmaq doğru deyil.
1xeber.media xəbər verir ki,ilahiyyatçı Təyyar Hüseynli Pravda.az-a açıqlamasında deyib ki, son zamanlar Ümrə ziyarətinə gedənlərin sayı artıb:
“Bir var ki, Həcc ziyarəti. Bu, ildə bir dəfə olur. Bir də var, Ümrə ziyarəti. Əslində, Ümrəyə çoxsaylı insanların getməsini təqdir edirəm. Çox gözəldir. Heç olmasa, ora getsinlər. Həccə getmək insanın həyat, düşüncə tərzinə, inancına, əqidəsinə müsbət təsir edir. Milli-dini kimlik, Azərbaycançılıq, müsəlmançılıq anlayışı var. Əslində, Ümrəyə böyük xərc çəkib gedirlər. Məkkəyə gediş-gəliş digər ölkələrin tur paketləri ilə müqayisədə heç də ucuz deyil. Bu xərci çəkirlərsə, orada lazım olan ibadətləri edirlərsə, çox gözəl. Müasir, sivil dünyanın düşüncəsinə görə, insan harasa gedirsə, telefondakı sosial platformalarda olan imkanlardan yararlanır, getdiyi yeri, məkanı insanlara göstərir. Bu da müsbət haldır. Əlbəttə, yararlı yerə getsək, insanlara faydalı, maraqlı məlumatlar ötürsək, yaxşı olar. Şou-biznesdəki simaların Ümrəyə getmələrini də müsbət hal kimi dəyərləndirirəm. Sadəcə, şou-biznes nümayəndəsi o müqəddəs torpaqlara getməzdən öncə hansı tərzdə davranırdısa, hansı düşüncədə idisə, heç olmasa, o İlahi məkanlara gedib gələndən, ibadət edəndən sonra bir qədər davranışında, danışığında müsbət mənada fərqlilik göstərməlidir. Gələndən sonra bilinsin ki, bu adama müqəddəs yerlərin çox müsbət təsiri olub. Bu, gözləntidir ki, müğənnilər, şou-biznes adamları ordan gələndən sonra necə olacaqlar. Bəzən gələndən sonra heç nə dəyişmir, hiss olunmur ki, bu adam Ümrədən gəlib. Mən görmüşdüm ki, Ümrəyə gedən bir nəfər xanım şou-biznes nümayəndəsi efirdə çox açıq-saçıq geyimi, davranışı ilə nəinki kişilərin, qadınların belə diqqətini cəlb etmişdi, hamının iradına tuş gəlmişdi. Deyirdi ki, Həccə getmişəm, vaxtlı-vaxtında namazımı qılıram. “İnsanlar bunu, həqiqətən, birmənalı qəbul edə bilmirlər” yox, heç həzm edə bilmirlər. Fərqli makyajda, geyimdə Ümrədə şəkillər çəkdirirlər, video paylaşırlar. Demək istəyirlər ki, biz inanclı, dinli-imanlı, abırlı adamlarıq, Ümrəyə gəlmişiksə, burada beləyik. Sonradan bəlli olur ki, düz deyirmişlər, elə orada elədirlər. Məkkədən şəkil şousu çox süni görünür. Həcc, Ümrə ziyarətində səmimi və təbii olmaq lazımdır. Ən azından orada... Çünki Məkkədən çıxıb bu tərəfə gələndən sonra heç nə dəyişənə oxşamır. Nəinki şou-biznes nümayəndələrinə, müğənnilərə, bütün insanlara məsləhət verirəm ki, Ümrəyə səmimi və təbii hislərlə getsinlər. Orada mənəvi atmosferdə olsunlar, şəkil, video şousu çıxarmasınlar. Ola bilər, haradasa maraqlı foto çəksinlər, amma o fotoda təbiilik, səmimilik, içdən hislər də görünsün ki, bu adam, doğrudan da, oralara şou üçün, özünü dindar, ibadət obrazında göstərmək üçün getməyib”.