“Ukrayna özünümüdafiə məntiqi ilə Rusiya ərazisinə Fransanın uzaqmənzilli raketlərini ata bilər”.
1xeber.media xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot BBC-yə müsahibəsində deyib.
“Prinsip müəyyən edilib. Prezident Zelenskiyə göndərdiyimiz mesajlar yaxşı qarşılandı”, - Barrot deyib.
Bununla belə, nazir Fransa raketlərinin artıq Ukrayna tərəfindən hücumlar üçün istifadə edilib-edilmədiyini dəqiqləşdirməyib.
Barronun sözlərinə görə, Ukraynaya dəstəklə bağlı heç bir qırmızı xətt yoxdur. Bu, fransız qoşunlarının döyüşlərdə iştirak etməsi demək ola bilərmi sualına o, deyib ki, Fransa “heç bir variantı istisna etmir”.
“Biz Ukraynanı intensiv və lazım olduğu qədər dəstəkləyəcəyik. Niyə? Çünki təhlükəsizliyimiz risk altındadır. Rusiya ordusu hər dəfə bir kvadrat kilometr irəlilədikdə təhlükə Avropaya bir kvadrat kilometr yaxınlaşır”, - Barro bildirib.