Вернуться назад Распечатать

Fərhad Əhmədovdan milyonlarla rüşvət... - Fransa vətəndaşı Bakıda məhkəmə qarşısında

Azərbaycanəsilli milyarder Fərhad Əhmədovun adı keçən beynəlxalq korrupsiya işi üzrə Fransa vətəndaşı Anass Derraz Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Bakıda məhkəmə qarşısına çıxarılıb.

1xeber.media  xəbər verir ki, “SAUR” şirkətinin vitse-prezidenti olan Derraz cinayət yolu ilə əldə edilən milyonlarla vəsaiti leqallaşdırmaqda və külli miqdarda rüşvət almaqda ittiham olunur.

Derraz həbsdə deyil. Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda Anass Derrazın anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr həyata keçirilib. O, dövlət hesabına həm fransız, həm ingilis dili üzrə tərcüməçi ilə təmin edilib, müdafiə hüquqlarını həyata keçirməsi üçün lazımi imkanlar yaradılıb.

Proses açıq şəkildə aparılır. Məhkəmə iclasında media nümayəndələri iştirak ediblər.

Derraz barəsindəki cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib: “11 aydır Bakıdayam, işləmirəm. Övladlarım da Dubaydadır, onları görməyə getmək istəyirəm”.