İran Hörmüz boğazını bağlaya bilərmi? - Molla rejiminin riskli blefi
İran parlamentinin deputatlarından biri X platformasında paylaşdığı bəyanatında Hörmüz boğazını bağlaya biləcəklərini bildirib. İran Parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü İsmayıl Kövsərinin iddiasına görə, İran İslam Şurası (İran parlamenti) Hörmüz boğazının bağlanmasını dəstəkləyib.
Deputat qeyd edib ki, bu barədə yekun qərarı İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurası qəbul etməlidir.
İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri də deputatın fikirlərini dəstəkləyən açıqlamalar verib: “Hörmüz boğazı bir neçə saatdan sonra bağlanacaq”.
Və son məlumata görə, İran parlamenti bu barədə tövsiyyəedici qərar çıxarıb və qərarı icra edib-etməmək səlahiyyətini ölkənin Milli Təhlükəsizlik Şurasının ixtiyarına buraxıb.
Bəs, İran Hörmüz boğazını bağlaya bilərmi? Bağlasa, nə baş verəcək?
Bu sözləri Heydər Oğuz özünün Facebook səhifəsində paylaşıb.
Fikrimcə, İran belə bir addım atarsa, ilk növbədə hazırda ən güclü tərəfdaşı olan Çini itirər və onun təzyiqləri ilə qarşılaşar. Məsələ burasındadır ki, Çin öz neft tələbatının 60-70%-ni Hörmüz boğazı vasitəsilə idxal edir. Onun biznes tərəfdaşları arasında İran da var.
İkincisi, məlumata görə, gündə təxminən 1,6 milyon barel xam neft ixrac edən İran öz məhsulunun hardasa 90% - ni Çinə satır. Deməli, Hörmüz boğazını bağlamaqla İran Çinlə münasibətlərin korlanmasını gözə almalı və azsaylı gəlir mənbələrindən birindən də vaz keçməlidir. Dünyanın ən ağır sanksiyaları ilə üz-üzə qalan İranın belə bir səhvə yol verəcəyi inandırıcı deyil. Bəzi iddialara görə, İran Çinə ildə 50 milyard dollarlıq neft satır və bu məbləğin böyük qismi SEPAH-ın cibinə gedir. SEPAH indiki şəraitdə bu itkini nəinki İran parlamentinə, hətta dini ali rəhbərə də bağışlamaz.
Nəzərə alsaq ki, İran Çin üçün düşünüldüyü qədər vazkeçilməz müttəfiq də deyil. Çinin İrandan aldığı neft onun ümumi idxalının 16%-ni təşkil edir. Bu isə o qədər böyük rəqəm deyil və Pekin sözügedən itkisini digər körfəz ölkələrindən rahatlıqla təmin edə bilər. Bunun üçün isə Hörmüz boğazı bağlanmamalıdır. Belə anlaşılır ki, İranın bu addımına ən sərt təpki Çindən gələ bilər.
Bəli, Hörmüz boğazının Çin üçün daha böyük dəyəri var. Bu boğazda yerləşən bir çox ərəb ölkələri Çinin ən böyük neft ixracatçılarındandır. Onlar arasında Səudiyyə Ərəbistanı. İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Oman kimi ölkələr də var. Xüsusilə Rusiyadan sonra Çin üçün ikinci böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının təchizat yollarının kəsilməsinə Pekinin laqeyd qalması mümkün deyil.
Məsələyə bu aspektdən baxanda Hörmüz boğazının bağlanması ən çox ABŞ-ın maraqlarına xidmət edir. Çünki bu yolla özünün ən böyük rəqibi Çinin böyüməsinin qarşısını kəsə və Çinlə flörtə can atan körfəz ölkələrinin də qulağını darta bilər. İranın bu qədər yanlış addım atacağı inandırıcı görünmür.
Üstəlik, Hörmüz boğazının bağlanması ABŞ-a və İsrailə beynəlxalq iqtisadi maraqları bəhanə gətirib həmin ərazi sularına öz hərbi qüvvələrini göndərməsi ilə nəticələnə bilər. Bu isə İranın dəniz ayağının da kəsilməsi anlamına gəlir. Onsuz da səmadan İranı öz nəzarəti altında saxlayan ABŞ və İsrailin dənizdən də onun əl-qolunu bağlaması İranın tamamilə mühasirəyə düşməsi ilə nətilənməsi deməkdir.
Ən əsası, İran Hörmüz boğazını bağlayarsa, ABŞ körfəz ölkələrini də ona qarşı müharibəyə cəlb edə bilər ki, bu da sionizmin ən böyük hədəflərindən biridir.
Qısası, Hörmüz boğazının bağlanması təklifi İranın riskli blefindən başqa bir şey deyil. Onu riskli edən isə İran rəsmilərinin bu barədə qərarını gözləmədən ABŞ-ın körfəz ölkələrinin maraqlarını qorumaq bəhanəsi ilə hərəkətə keçməsi və bölgəni tam nəzarəti altına alması ehtimalıdır. Başqa sözlə desək, İran rəsmilərinin bu blefi öz ayağına güllə sıxmağa bənzəyir.