ABŞ Prezidenti Donald Tramp İranı müzakirə masasına çəkmək məqsədilə “sivil nüvə proqramları” üçün təxminən 30 milyard dollar dəyərində yardım planı üzərində düşünür.
Bu barədə "CNN" özəl mənbələrə istinadla məlumat yayıb.
Məlumatda İran ilə İsrail arasında atəşkəsin elan edilməsindən sonra Vaşinqtonun Tehranla əlaqəni davam etdirdiyi bildirilir.
Nəşrə danışan mənbələr bildiriblər ki, Trampın xüsusi nümayəndəsi Stiv Vitkof və Körfəz ölkələrindən olan tərəfdaşların iştirakı ilə Ağ Evdə keçirilən iclasda bu təklifin detalları müzakirə edilib.
Görüşlər zamanı İranın uran zənginləşdirməkdən imtina etməsi və yalnız sivil enerji istehsalına yönəlmiş yeni nüvə proqramı qarşılığında 20–30 milyard dollar məbləğində yardım alması məsələsi gündəmə gətirilib. Bu vəsaitin əsasən ərəb tərəfdaşlar tərəfindən təmin olunması planlaşdırılır.
Mənbələr həmçinin qeyd ediblər ki, ABŞ İran üçün bəzi iqtisadi sanksiyaların qaldırılması və Tehranın xarici bank hesablarında dondurulmuş 6 milyard dollara çıxışına icazə verilməsi təkliflərini də irəli sürüb.
ABŞ tərəfi Fordo Nüvə Obyektindəki zənginləşdirmə fəaliyyətlərinin dayandırılması və əvəzində sivil proqramın həyata keçirilməsi üçün İrana maddi ödəniş edilməsini də müzakirə edib.
Mənbələr bu prosesdə müxtəlif şəxslər tərəfindən fərqli fikirlərin irəli sürüldüyünü, lakin İranın bu təkliflərə necə cavab verəcəyinin hələlik bəlli olmadığını bildirib.