2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi şərəfli gün kimi yazılıb. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Rayon 1993-cü il aprelin 2-də o zamanıkı AXC-Müsavat hakimiyyətinin bacarıqsızlığı səbəbindən erməni işğalçıları tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü. Artıq Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsinin dörd illiyi ərəfəsindəyik. İkinci Qarabağ müharibəsinin ən yüksək zirvəsi olan Şuşa şəhərinin işğaldan azad olunması artıq Ermənistanda qorxu və ciddi narahatlıq yaratmışdı. Onlar anlayırdılar ki, Şuşa kimi alınmaz qalanı fəth edən Azərbaycan Ordusunun qarşısında bundan sonra heç bir qüvvə dayana bilməz. Ona görə də 2020-ci ilin noyabrın 10-da
Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Bu, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanatda öz əksini tapdı. Bəyanata əsasən, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində üçrəngli Dövlət Bayrağımızı ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: «Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır.
Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.» Otuz bir il əvvəl məcburi köçkünə çevrilərək respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurda qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu məqsədlə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu yolunun layihə uzunluğu 80,7 kilometrdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci ilin avqustun 16-da Kəlbəcər rayonuna səfərləri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Səfər çərçivəsində 110/35/10 kilovoltluq «Kəlbəcər» yarımstansiyasının açılışı olub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğundakı tunelin
tikintisinə start verilib.
Ötən il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş «Kəlbəcər-1» Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub. Həmin gün Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, rayondakı su istehsalı zavodunun, İstisu sanatoriyasının təməli qoyulub. Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Müzəffər Ali Baş Komandanımız bu tədbirin xüsusi məna daşıdığını vurğulayıb: «Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır».
Kəlbəcər rayonunda tikintisi gedən mühüm infrastruktur obyektlərindən biri də «İstisu» sanatoriyasıdır. Təməlqoyma mərasimində Azərbaycan Prezidentinin də iştirak etdiyi İstisu qəsəbəsində yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılır. Ölkəmizin başçısı keçən ilin mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, «Qamışlı» və «Meydan» Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. 2023-cü ilin avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub, Zar kəndinin təməli qoyulub.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Kəlbəcərə hər səfəri əlamətdar olur. Çünki dəniz səviyyəsindən çox yüksəklikdə, uca dağlar qoynunda yerləşən Kəlbəcərdə aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün xüsusi bir təntənəsidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2024-cü ilin sentybarın 2-də Kəlbəcərə növbəti səfərləri də bu baxımdan əlamətdar oldu. Ölkə başçısı Tərtər çayı üzərində yerləşən 22,5 MVt gücündə «Yuxarı Vəng» və 4,3 MVt gücündə «Zar» su-elektrik stansiyalarının, «İstisu» mineral su zavodunun açılışında iştirak etdi. «İstisu zavodunun təməli 2022-ci ilin iyununda qoyulmuşdu və onun istifadəyə verilməsi göstərir ki, artıq Kəlbəcərin
iqtisadi potensialı hərəkətə gətirilir.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında indiyədək ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və onların bir qismi Kəlbəcərin payına düşür. Su-elektrik stansiyalarının inşası həm də Qarabağ və Şərqi Zəngəzurdakı yaşıl enerjinin yaradılmasının təsdiqidir. Dövlət başçısı Kəlbəcər şəhərində inzibati binanın, ikinci yaşayış kompleksinin və İstisu qəsəbəsinin təməlini də qoydu. İkinci yaşayış kompleksində 160 ailənin yaşaması planlaşdırılır. Şəhərdə birinci yaşayış kompleksinin inşası isə davam edir və tezliklə öz doğma sakinlərini qarşılayacaq.
Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri əzəmətli, nəhəng və genişmiqyaslıdır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır.
Məhərrəm Məhərrəmov,
YAP Sabirabad rayon təşkilatının partiya veteranı