“Dünyanın diqqəti Qarabağdadır. Növbəti mühüm tədbirə ev sahibliyi edən azad Qarabağımız son beş ildə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini beynəlxalq ictimaiyyətə təqdim edir. Artıq bu gün paytaxt Bakı ilə yanaşı, azad edilmiş ərazilərimizin də beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunması harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz xoşbəxt günlərini yaşayır. Tarixinin yeni səhifəsini yazan Xankəndi ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarını qəbul edir. Qonaqları bu məkanda qarşılamaq, onlara bu torpaqlarımızın malik olduqları imkanları, tarixi Zəfərimizdən
və suverenliyimizin bərpasından sonra görülən işləri təqdim etmək qürurvericidir.
Dövlət başçısı İlham Əliyevin iyulun 3-də Qarabağa səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ötən bu dövr ərzində həyata keçirilən bərpa-quruculuq tədbirlərinin miqyası barədə daha aydın təsəvvür yaranır. Cənab İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılış mərasimində iştirak etdi. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu, Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu, Xankəndi Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışında iştirak etdi, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular. Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə
dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib.
Azərbaycan- Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin
inkişafına xidmət edir. Ümumilikdə türk dünyasının birliyi, həmrəyliyi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir: “Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Bunu türk dövlətlərinin liderlərini qarşılıqlı səfərləri, beynəlxalq tədbirlərdə mütəmadi görüşləri də təsdiqləyir. Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlini qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi,Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi
yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini, sürətləndiyini deməyə imkan verir.
Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayişetdirir. Səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə
zəmin yaradır. Hər iki ölkəni tarixdən gələn milli-mədəni bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Hazırda azad Qarabağda aparılan
bərpa-quruculuq işləri bu dostluğun təqdimatında öz sözünü deyir. Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib.
Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir”. Xankəndi Zirvə görüşü çərçivəsində atılan addımlar türk birliyinin daha da
möhkəmlənməsində əhəmiyyətli rol oynayır: “Belə ki, dövlət başçısı İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər.
Prezidentlər yeni mənzillərə köçən sakinlərlə görüşdülər. Cənab İlham Əliyev Qarabağın bərpasında və dirçəlişində göstərdiyi köməyə görə Qırğızıstan Prezidentinə minnətdarlığını bildirdi. Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə Xıdırlı kəndində məktəb tikildi. Cənab İlham Əliyev sakinlərlə görüşdə bu məqamı xüsusi qeyd etdi ki, uğurla reallaşdırdığımız Böyük Qayıdış Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm
binasını tikmişik. Prezident Sadır Japarov bildirdi ki, Xıdırlı kəndində açılışını etdiyimiz Manas adına orta məktəb mənəvi əlaqələrimizi daha da möhkəmləndirəcək. Bizim ümumi dəyərlərimiz
var və onları gələcək nəsillərə ötürməyə borcluyuq. Bişkekdəki Heydər Əliyev adına məktəb və Xıdırlı kəndindəki Manas adına bu məktəb xalqlarımızın dostluğunun rəmzidir. Onu da qeyd
edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında oldular. Atılan
hər bir addım türk dünyasının həmrəyliyinin önəmini nümayiş etdirir”.
Xankəndinin ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündən bəhs edərək bildirib ki, Azərbaycan bu təşkilatın fəal üzvüdür: “ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığınınəsdiqidir. Zirvə görüşünün Qarabağın mərkəzi Xankəndidə keçirilməsi buranın beynəlxalq diplomatik mərkəzə çevrilməsindən xəbər verir və bölgənin inkişafına beynəlxalq diqqəti cəlb edir.
Cənubi və Mərkəzi Asiyadan tutmuş Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən=və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı bu gün regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır”.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması
şöbəsinin aparıcı məsləhətçisi