Вернуться назад Распечатать

Zelenski Trampın nümayəndəsi ilə hava hücumundan müdafiə və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edib

1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Romada Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqla məzmunlu söhbət etdiyini bildirib.

“Mən ona generalın ABŞ nümayəndə heyətinə rəhbərlik etdiyi Ukraynanın Yenidənqurulması üzrə Konfransda iştirakına görə təşəkkür etdim”, – Zelenski X sosial şəbəkəsində yazıb. "Biz silah tədarükü və hava hücumundan müdafiəni gücləndirməyi müzakirə etdik. Rusiya hücumlarının intensivləşməsini nəzərə alsaq, bu, bizim əsas prioritetlərimizdən biri olaraq qalır. Biz həmçinin Amerika silahlarının alınması, müdafiə təyinatlı məhsulların birgə istehsalı, Ukraynada istehsalın lokallaşdırılması məsələlərinə də toxunduq".

Ukrayna prezidentinin sözlərinə görə, söhbət zamanı Rusiyaya qarşı sanksiya təzyiqi ətraflı müzakirə olunub.

"Biz Rusiya enerjisinə qoyulan məhdudiyyətlərin, xüsusilə də Rusiya neftinin alıcılarına qarşı ikinci dərəcəli sanksiyaların sərtləşdirilməsinin zəruriliyini başa düşürük. Biz ABŞ Konqresində senatorlar Qrem və Blumentalın təklif etdiyi qanun layihəsində irəliləyişə ümid edirik. Bu, şübhəsiz ki, Rusiyanı sülh haqqında daha ciddi düşünməyə vadar edəcək", - Zelenski əlavə edib.