Вернуться назад Распечатать

Prezident 7 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

1xeber.media  fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzeti redaksiyasının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir;

3.2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.

4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti təmin etsin.

6. Bu Fərmanın 1-ci və 2-ci hissələri ilə yaradılan məhdud məsuliyyətli cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi”, “Respublika” qəzetlərinin və “Xalq qəzeti”nin redaksiyaları fəaliyyətlərini davam etdirsinlər.

7. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1109 (Cild I); 2024, № 6 (I kitab), maddə 648, № 12 (II kitab), maddə 1372; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 iyun tarixli 428 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. aşağıdakı məzmunda 4-3-cü və 4-4-cü hissələr əlavə edilsin:

“4-3. “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti

4-4. “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti”;

7.2. 6–8-ci hissələr ləğv edilsin.

***

Prezident İlham Əliyev “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanununun tətbiqi və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu və 3.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 1.0.10-cu maddəsində “orqan (qurum)” dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq, tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1016 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu və 3.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 3.2-ci və 5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 1.0.10-cu maddəsində “orqan (qurum)” dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Qeyd” hissəsinin birinci cümləsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 70-ci maddəsinin “Qeyd” hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərə münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.3. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin üçüncü hissəsində, 49-1-ci maddəsinin üçüncü, dördüncü hissələrində, beşinci hissəsinin birinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində və doqquzuncu hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 49-1-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində və altıncı hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.5. həmin Qanunun 46-cı maddəsinin üçüncü hissəsində, 49-1-ci maddəsinin üçüncü, dördüncü və doqquzuncu hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin beşinci hissəsinin birinci cümləsinə, altıncı hissəsinin ikinci cümləsinə və on üçüncü hissəsinə uyğun olaraq, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydasını, o cümlədən sınaq imtahanında iştirak haqqının məbləğini və davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, davamlı peşəkar inkişaf üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydasını və davamlı peşəkar inkişaf fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədləri və hesablanmasına dair tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498 (Cild I); 2024, № 1, maddə 28, № 6 (I kitab), maddə 646) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. ikinci abzasa “46-cı maddəsinin” sözlərindən sonra “üçüncü hissəsində və” sözləri, “56-cı” sözlərindən əvvəl “49-1-ci maddəsinin üçüncü, dördüncü hissələrində, beşinci hissəsinin birinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində və doqquzuncu hissəsində,” sözləri əlavə edilsin;

4.2. üçüncü abzasa “hissələrində” sözündən sonra “, 49-1-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində və altıncı hissəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

4.3. dördüncü abzasda “beşinci və doqquzuncu hissələrində” sözləri “on üçüncü hissəsində” sözləri ilə əvəz edilsin;

4.4. beşinci abzasdan “49-1-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılsın;

4.5. onuncu abzasda birinci halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin abzasa “hissələrində” sözündən sonra “, 46-cı maddəsinin üçüncü hissəsində, 49-1-ci maddəsinin üçüncü, dördüncü və doqquzuncu hissələrində” sözləri əlavə edilsin.

5. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 943; 2025, № 2, maddə 124) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. ikinci abzasa “74-cü” sözlərindən əvvəl “70-ci maddəsinin “Qeyd” hissəsinin birinci cümləsində,” sözləri əlavə edilsin;

5.2. on dördüncü abzasda “nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 647, № 12 (II kitab), maddə 1369; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 may tarixli 396 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.13-2-ci yarımbəndində “həkimlərin, əczaçıların və orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin)” sözləri “praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-2.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 10-2.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 4.2-ci bəndi nəzərə alınmaqla, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-2.3-cü maddəsinə uyğun olaraq, bələdiyyələrin vahid informasiya sisteminə (bundan sonra – Sistem) ötürüləcək və Sistemdən əldə ediləcək məlumatların dairəsini iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

3.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-2.1-ci maddəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin;

3.2. Sistemin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

4. Bələdiyyələrin milli assosiasiyalarına tövsiyə olunsun ki:

4.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.6-cı və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na və 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nə uyğun olaraq, Sistem haqqında əsasnamənin ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələr tərəfindən birgə təsdiq edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini üç ay müddətində təmin etsinlər;

4.2. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun

10-2.3-cü maddəsinə uyğun olaraq, Sistemə ötürüləcək və Sistemdən əldə ediləcək məlumatların dairəsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

5. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 424 (Cild I); 2024, № 4, maddə 383, № 12 (I kitab), maddə 1288) 3.2-1-ci və 3.2-2-ci bəndlərinə “Qanunun” sözündən sonra “10-2.3-cü maddəsində və” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” 2010-cu il 13 dekabr tarixli 362 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 362 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” 2013-cü il 7 may tarixli 891 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 362 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1062 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında (hər iki halda) və 1 – 3-cü hissələrdə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində” sözləri “Miqrasiya orqanlarında” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” üzrə:

1.2.1. adında və 1-ci bənddə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində” sözləri “Miqrasiya orqanlarında” sözləri ilə əvəz edilsin;

1.2.2. 2-ci bənddə “isti” sözü “dəri” sözü ilə, “plaş” sözü “gödəkcə, palto” sözləri ilə əvəz olunsun və həmin bəndə “furajka” sözündən əvvəl “qış papağı,” sözləri, “şərflər” sözündən sonra “, əlcəklər” sözü əlavə edilsin;

1.2.3. 8-ci bənd aşağıdakı redaksiya verilsin:

“8. Geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları daxildir:

furajka (qadınlarda – şlyapa) – tünd boz rəngli;

qış papağı – tünd boz rəngli;

palto – tünd boz rəngli;

dəri gödəkcə – tünd boz rəngli;

kitel – tünd boz rəngli;

şalvar (qadınlarda – yubka və şalvar) – tünd boz rəngli;

şalvar qayışı – qara rəngli;

yun köynək – tünd boz rəngli;

uzunqol köynək – ağ rəngli;

qısaqol köynək – ağ rəngli;

qalstuk – tünd boz, gümüşü rəngli sıxacla;

şərf – qara rəngli;

əlcək – qara rəngli;

corablar – qara rəngli (qadınlarda – dəri rəngli neylon, yaxud qara rəngli yarımyun corablar);

tufli, yarımçəkmə – qara rəngli.”;

1.2.4. 9-cu bənd üzrə:

1.2.4.1. birinci abzasın üçüncü cümləsinə “parçadan” sözündən sonra “(ali xüsusi rütbəsi olan işçilər üçün qırmızı parçadan)” sözləri əlavə edilsin;

1.2.4.2. ikinci abzasın üçüncü cümləsinə “bağlanır” sözündən sonra “(şəkil 5.1, 5.5, 5.10)” sözləri əlavə edilsin;

1.2.5. 10-cu bəndin ikinci abzası üzrə:

1.2.5.1. ikinci cümləyə “üstünə” sözündən sonra “ali xüsusi rütbəsi olan işçilər üçün iki,” sözləri əlavə edilsin;

1.2.5.2. üçüncü cümləyə “bağlanır” sözündən sonra “(şəkil 5.2, 5.6, 5.11)” sözləri əlavə edilsin;

1.2.6. aşağıdakı məzmunda 10-1-ci bənd əlavə edilsin:

“10-1. Qış papağı:

xüsusi rütbəsi olan kişi işçilər üçün tünd boz rəngdədir, silindr formalıdır, hündürlüyü 12 sm olmaqla dövrədən və günlükdən ibarətdir. Xarici üst hissəsi tünd boz rəngli drap parça ilə örtülür. Günlük tünd boz rəngli olmaqla dövrənin ön hissəsinə bərkidilir və onun ortada eni 6 sm-dir. Günlüyün üstünə ali xüsusi rütbəsi olan işçilər üçün iki, böyük xüsusi rütbəsi olan işçilər üçün bir cərgə gümüşü rəngdə palıd yarpağının naxışı tikilir. Eni 1.5 sm olan gümüşü rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsi ilə günlük boyu dövrəyə bərkidilir;

xüsusi rütbəsi olan qadın işçilər üçün tünd boz rəngdədir, günlüksüzdür, oval formalıdır və üst hissəsinin kənar dövrəsinə paralel xüsusi qövsvari forma verilmişdir;

ali xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün dövrə tünd boz rəngli təbii qaragül dərisindən tikilir və içində ipək astar vardır;

baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi işçilər üçün dövrənin ön hissəsi tünd boz rəngli drap parçadan, arxa və yan hissələri, o cümlədən baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan qadın işçilər üçün dövrə tünd boz rəngli süni qaragül dərisindən tikilir. Baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün qış papağının içində ipək astar vardır;

xüsusi rütbəsi olan digər kişi və qadın işçilər üçün tünd boz rəngli süni xəzdən tikilir və öz konstruksiyasına görə baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün nəzərdə tutulan papaqla eynidir. Xüsusi rütbəsi olan digər kişi və qadın işçilər üçün qış papağının içində sarja astar vardır;

dövrənin ön hissəsinin mərkəzinə kokarda bərkidilir (şəkil 5.3, 5.4, 5.7, 5.8, 5.9, 5.12, 5.13).”;

1.2.7. 11-ci və 12-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“11. Palto tünd boz rəngli yun parçadan tikilir, birbortludur, laskanlıdır, qatlanan boyunluqlu və açıq yaxalıdır. Üst yaxalıq ali xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli təbii qaragül dərisindən, baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli süni qaragül dərisindən, digər xüsusi rütbəsi olan işçilər üçün isə tünd boz rəngli süni xəzdəndir və taxılıb-çıxarılandır. Ali xüsusi rütbəsi olan işçilər üçün yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Palto dörd böyük forma düyməsi ilə sağ tərəfə (qadınlarda – sol tərəfə) düymələnir. Palto astarlıdır və astarında iki kəsmə qoltuq cibi vardır. Paltonun laylarında yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblər vardır. Paltonun poqonları çiyinə tikilir. Kürək, orta və aşağı hissələrdə şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun yan tikiş yerlərinə bərkidilmiş iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır. Qolları ikitikişli, qol köbəli, içəridən tikiləndir. Paltonun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Döşəmədən paltonun ətəyinədək olan məsafə 43–45 sm-dir (şəkil 1.1, 2.1, 2.2, 3.1).

12. Dəri gödəkcə tünd boz rəngli süni dəridən tikilir. Mərkəzdən gizli zəncirbəndlə bağlanan, qatlanan boyunluqlu, laskanlıdır. Dəri gödəkcə basmadüymə ilə kişilərdə sağ tərəfə, qadınlarda isə sol tərəfə düymələnir. Yaxalıq ali xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli təbii qaragül dərisindən, baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli süni qaragül dərisindən, xüsusi rütbəsi olan digər işçilər üçün isə tünd boz rəngli süni xəzdəndir və taxılıb-çıxarılandır. Laylarında yan kəsmə köndələn ciblər vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Təbii xəzdən istiləşdirilmiş və taxılıb-çıxarılan astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Taxılıb-çıxarılan poqonların çiyinə bərkidilməsi üçün gödəkcənin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Döşəmədən dəri gödəkcənin ətəyinədək olan məsafə 65 sm-dir (şəkil 1.2, 2.3, 2.4, 3.2).”;

1.2.8. 13-cü bəndin üçüncü abzasına “yerləşdirilir” sözündən sonra “(şəkil 1.3, 2.5, 2.6, 3.3)” sözləri əlavə edilsin;

1.2.9. 14-cü bəndin ikinci abzasından beşinci cümlə çıxarılsın;

1.2.10. 15-ci bəndin ikinci abzasının dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ətəyin uzunluğu diz xəttindən 5 sm aşağı olmalıdır.”;

1.2.11. 16-cı bənd üzrə:

1.2.11.1. birinci cümlədən “və yubka” sözləri çıxarılsın;

1.2.11.2. üçüncü cümləyə “açılır” sözündən sonra “(şəkil 7.20)” sözləri əlavə edilsin;

1.2.12. 17-ci və 18-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“17. Yun köynək tünd boz rəngli yundan toxunur. Dik yaxalıqlıdır, mərkəzdən açıq zəncirbəndlə bağlanır və aşağı kənarlarına manjet tikilir. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Taxılıb-çıxarılan poqonlar üçün yun köynəyin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Üzərində heç bir fərqlənmə nişanı yoxdur (şəkil 1.4, 2.7, 2.8, 3.4).

18. Uzunqol köynək ağ rənglidir, pambıq parçadan tikilir. Köynək 7 kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda – sol tərəfə) düymələnir. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Köynəyin sağ və sol bortlarında üstdən tikmə qapaqlı ciblər vardır. Qatlanan boyunluqludur. Köynək qalstukla geyilir. Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Köynəyin taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Poqonlar üçün kəmərciklər orta forma düymələri ilə düymələnir (şəkil 1.5, 2.9, 2.10, 3.5).”;

1.2.13. 19-cu bənd üzrə:

1.2.13.1. birinci abzasın altıncı cümləsi aşağıdakı redaksiyada verilsin:

“Köynəyin ətəyi qurşaqlı, yanlardan rezinlidir və köynək qalstuksuz geyilir.”;

1.2.13.2. ikinci abzasın ikinci cümləsinə “düymələnir” sözündən sonra “(şəkil 1.6, 2.11, 2.12, 3.6)” sözləri əlavə edilsin;

1.2.14. aşağıdakı məzmunda 20-1-ci və 20-2-ci bəndlər əlavə edilsin:

“20-1. Şərf qara rəngli yun parçadan hazırlanır və ölçüsü 40x100 sm-dir.

20-2. Əlcək qara rəngli süni dəridən hazırlanır (şəkil 6.1, 6.2).”;

1.2.15. 22-ci bəndin ikinci – altıncı abzasları müvafiq olaraq üçüncü – yeddinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“gödəkcə – tünd boz rəngli;”;

1.2.16. aşağıdakı məzmunda 22-1-ci bənd əlavə edilsin:

“22-1. Gödəkcə – tünd boz rəngli poliestr parçadan tikilir. Qısa qatlama boyunluqludur, dik yaxalıqlıdır, bortları mərkəzdən gizli zəncirbəndlə və dörd yapışqanlı lentlə bağlanır (kişilərdə − sağ tərəfə, qadınlarda − sol tərəfə). Gödəkcənin hər iki bortunun sinə hissəsində üstdən tikilmiş basmadüymə ilə düymələnən fiqurlu qapaqlı gizli döş cibləri, ətək hissəsində isə basmadüymə və açıq zəncirbənd ilə bağlanan iki ədəd cib vardır. Boyunluğunun arxa tərəfində gizli zəncirbəndlə gödəkcəyə bağlanan yağışdan qorunmaq üçün xüsusi örtük papaq vardır. Qolları tək tikişlidir, manjetlidir, tənzimlənən basma düymələrlə bağlanır. Gödəkcənin belində tənzimləyici gizli rezin ip vardır. Gödəkcə astarlıdır, astarın hər iki tərəfdən döş hissələrində əsas parçadan köbəsi olan və zəncirbəndlə bağlanan daxili cibləri vardır. Gödəkcənin açılıb-çıxarılan sinteponla istiləşdirilmiş canlığı olur və basmadüymə ilə gödəkcəyə düymələnir. Taxılıb-çıxarılan poqonlar üçün gödəkcənin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir (şəkil 4.1, 4.2).”;

1.2.17. 23-cü bəndə aşağıdakı məzmunda yeddinci və səkkizinci cümlələr əlavə edilsin:

“Dövrənin alın hissəsinin aşağısına papağın rəngində bərk materialdan günlük tikilir. Böyük xüsusi rütbəsi olan işçilər üçün günlüyün üstünə bir cərgə gümüşü rəngdə palıd yarpağının naxışı tikilir (şəkil 5.14, 5.15).”;

1.2.18. 25-ci bənd üzrə:

1.2.18.1. birinci cümlədə “tikilir” sözü “, lakin ətəkləri açıq və qurşaqsız olur (şəkil 4.3, 4.4, 4.5, 4.6)” sözləri ilə əvəz edilsin;

1.2.18.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Köynəklər qalstuksuz geyilir və şalvarın içinə salınır.”;

1.2.19. 26-cı bəndin ikinci abzasına “asılır” sözündən sonra “(şəkil 7.21)” sözləri əlavə edilsin;

1.2.20. 28-ci bənd üzrə:

1.2.20.1. birinci abzasın üçüncü cümləsində “isti” sözü “dəri” sözü ilə, “plaşda” sözü “gödəkcədə” sözü ilə əvəz olunsun və həmin cümləyə ikinci halda “poqonlar” sözündən sonra “paltolarda və” sözləri əlavə edilsin;

1.2.20.2. birinci abzasın dördüncü cümləsinə “rəngdə” sözündən sonra “(ali xüsusi rütbəsi olan işçilər üçün – tünd boz rəngdə)” sözləri əlavə edilsin;

1.2.20.3. ikinci abzasda “Plaş” sözü “Palto” sözü ilə əvəz olunsun və həmin abzasa “sm-dir” sözündən sonra “(şəkil 7.3, 7.5, 7.7, 7.9)” sözləri əlavə edilsin;

1.2.20.4. üçüncü abzasda “İsti” sözü “Dəri” sözü ilə, “yarımdairəvi” sözü “fiqurlu (ali xüsusi rütbəsi olan işçilər üçün – yarımdairəvi)” sözləri ilə əvəz olunsun və həmin abzasa “sm-dir” sözündən sonra “(şəkil 7.4, 7.6, 7.8, 7.10)” sözləri əlavə edilsin;

1.2.20.5. aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“Dövlət Miqrasiya Xidməti rəisinin poqonlarının kənarları gümüşü rəngli palıd yarpaqları ilə əhatələnmişdir (şəkil 7.1, 7.2).”;

1.2.21. 29-cu bəndin ikinci abzasına “sm-dir” sözündən sonra “(şəkil 7.11)” sözləri əlavə edilsin;

1.2.22. 29-1-ci bəndin birinci abzasında “qızılı” sözü “gümüşü” sözü ilə əvəz edilsin;

1.2.23. 29-2-ci bənd üzrə:

1.2.23.1. birinci cümlədə “qızılı” sözü “gümüşü” sözü ilə əvəz edilsin;

1.2.23.2. ikinci cümləyə “lehimlənir” sözündən sonra “(şəkil 7.11)” sözləri əlavə edilsin;

1.2.24. 30-cu bəndin ikinci cümləsindən “plaşın və” sözləri çıxarılsın və həmin cümləyə “yerləşdirilir” sözündən sonra “(şəkil 7.15, 7.16)” sözləri əlavə edilsin;

1.2.25. 31-ci bənd üzrə:

1.2.25.1. ikinci cümlədə “plaşın, isti” sözləri “paltonun, dəri” sözləri ilə əvəz edilsin;

1.2.25.2. üçüncü cümləyə “sm-dir” sözündən sonra “(şəkil 7.17)” sözləri əlavə edilsin;

1.2.26. 32-ci bənd üzrə:

1.2.26.1. birinci abzasın üçüncü cümləsinə “qılınclarsızdır” sözündən sonra “(şəkil 7.12, 7.13, 7.14)” sözləri əlavə edilsin;

1.2.26.2. üçüncü abzasın birinci cümləsinə “furajkalarda,” sözündən sonra “qış papaqlarında” sözləri əlavə edilsin;

1.2.26.3. dördüncü abzasa “13,1x6,7sm,” sözlərindən sonra “böyük və orta xüsusi rütbəsi olan işçilər üçün 7,8x6,8 sm, kiçik” sözləri əlavə edilsin və həmin abzasdan “digər” sözü çıxarılsın;

1.2.27. 33-cü bəndin ikinci cümləsinə “olunur” sözündən sonra “(şəkil 7.18)” sözləri əlavə edilsin;

1.2.28. 34-cü bəndin dördüncü cümləsində “olunub” sözü “olunur (şəkil 7.19)” sözləri ilə əvəz edilsin;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri” yeni təsvirdə verilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 362 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 891 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 512 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılsın.

2. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunub).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

5. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti:

5.1. “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin (bundan sonra – Sistem) formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

5.2. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

***

Prezident İlham Əliyev “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 218-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:1. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 612 (Cild I) 2.2-ci bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1356; 2025, № 2, maddə 137) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.14-cü bəndinin birinci cümləsindən “məhsulun qəbul qəbzlərini və (və ya)” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 218-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.