Вернуться назад Распечатать

İlham Əliyevin gələcəyə mirası, Tovuzdan başlanan Polad Həşimov alovu

2020-ci ilin iyulunda Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribat əslində daha uzağa gedən məqsədlərə hesablanmışdı. Bu hücum Ermənistanın öyrəşdiyimiz adi sərhəd pozuntusu sayıla bilməzdi. Ermənistan Azərbaycanın enerji və kommunikasiya infrastrukturunu, geosiyasi mövqeyini təhdid edirdi. Tovuz Azərbaycanın Qərbə açılan qapısı, TANAP və BTC kimi beynəlxalq layihələrin keçdiyi strateji nöqtədir. Düşmən bu nöqtəyə zərbə vurmaqla həm Azərbaycanın gücünə, həm də onun beynəlxalq tərəfdaşlarına mesaj vermək istəyirdi. 
Amma bu plan baş tutmadı. Azərbaycan ordusu sərhədi keçməyə çalışan düşmənə sarsıdıcı cavab verdi. Eyni zamanda cəmiyyətin içində yanan milli ruh alovlandı. Tovuz hadisələri xalqla dövlətin birləşdiyi, birlik və müqavimətin yüksəldiyi dönüş nöqtəsi oldu.

Polad Həşimov alovu

General-mayor Polad Həşimovun Tovuzda şəhid olmasını xalq itki kimi qarşılamadı. Hərbi komandanın itkisi bir millətin qürur yerinə çevrildi. Onun şəhidliyi cəmiyyətin qəlbində illərlə yığılıb qalmış nisgil və hiddəti birləşdirdi. Bu faciə insanları bir araya gətirdi, meydanlara axışan on minlərlə insan onun timsalında haqq və ədalət uğrunda savaşmağın vacibliyini gördü. Polad Həşimovun alovu milli oyanışa çevrildi. Onun timsalında əsgər millətin şərəf və qeyrət simvolu oldu. “Polad kimi möhkəm” ifadəsi artıq yalnız fiziki deyil, mənəvi möhkəmliyi də ifadə etdi. Şəhid generalın adını daşıyan bu alov qələbəyə aparan yolun başlanğıcını yandırdı. O, şəhid oldu, amma xalqı ayağa qaldırdı.


İşğaldan qurtuluşa gedən yol

İşğaldan qurtuluşa gedən yol milli iradənin sınaqdan çıxması idi. Otuz ilə yaxın davam edən işğal, Azərbaycanın diplomatik, hərbi və informasiya cəbhəsində yorulmadan apardığı mübarizənin nəticəsi idi. Bu yol beynəlxalq hüququn, xalqın mənəvi haqlarının və siyasi iradənin qovşağında qurulmuşdu. Ən əsası isə bu yol milli həmrəyliyin gücü ilə döşənmişdi. Hər bir azərbaycanlı öz evini, şəhərini, torpağını azad görmək istəyirdi. Dövlət başçısının rəhbərliyi ilə yürüdülən strateji xətt bu istəyin reallığa çevrilməsinə səbəb oldu. Hərbi əməliyyatlar başlamamışdan öncə artıq qurtuluşun mənəvi zəminləri xalqda formalaşmışdı. Bu, şəhidlərimizin qanı ilə sulanmış, dualarla bəzənmiş müqəddəs yol idi.

Xalqın qələbə aclığı

Azərbaycan xalqı təkcə işğal olunmuş torpaqların yoxluğununu xiffətini etmirdi. Ədalətsizliyə qarşı aclıq çəkirdi. Bu aclıq mənəvi bir ehtiyac idi, torpağına qovuşmaq, şəhidlərinin ruhunu rahatlatmaq, öz tarixi haqlarını bərpa etmək istəyindən doğmuşdu. Xalq illərlə susdu, gözlədi, amma içindəki alov heç zaman sönmədi. Tovuz hadisələri və Polad Həşimovun şəhidliyi bu aclığı səssizlikdən hayqırtıya çevirdi. Meydanlara Və o qələbə aclığı, qürurlu zəfərlə doydu. Artıq xalq müzəffər xalqdır.

İlham Əliyevin bütün riskləri göz önünə alaraq dünyanın div ölkələri ilə üz-üzə gəldi

Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan, beynəlxalq arenada böyük güclərlə təkbaşına mübarizə apardı. Qarabağın azadlığı yolunda Azərbaycanın qarşısında təkcə Ermənistan yox, onun arxasındakı güclər də dayanmışdı. Lakin İlham Əliyev riskləri görərək, diplomatik sahədə mühüm iradə nümayiş etdirdi. O, milli maraqları heç bir beynəlxalq təzyiqə qurban vermədi. Lider olaraq öz xalqına güvəndi, ordusuna arxalandı, haqqın gücünə inandı. Həyatını riskə atdı. Hər bir siyasi addımı ilə sübut etdi ki, bu mübarizə müvəqqəti deyil, varoluş mübarizəsidir. Dövlət başçısının qətiyyəti beynəlxalq səviyyədə Azərbaycanı haqqın tərəfində möhkəmləndirdi. Nəticədə, dünya Azərbaycanla hesablaşmalı oldu.


Torpaqlar azad edildi

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi 44 gündə Azərbaycanın böyük zəfəri ilə nəticələndi. İllərlə işğalda olan şəhərlər, kəndlər, dağlar və düzənlər azad edildi. Şuşa qalası üzərində üçrəngli bayrağımız yenidən dalğalandı. Xalqımız Kəlbəcər xoşbəxtliyi yaşadı. Azadlıq ruhların azadlığı idi. Azərbaycan öz tarixi ədalətini bərpa etdi. Buna sadəcə hərbi qələbə kimi baxmaq doğru olmaz. Dövlətçiliyimizinqələbəsi, milli kimliyin bərpası idi. Hər bir şəhidin qanı, hər bir qazinin yarası bu zəfərdə öz yerini aldı. Torpaq artıq azaddır və xalq da azad nəfəs alır.

Tovuzdan başlanan yol Xankəndinədir

Tovuzda başlayan erməni təxribat, əslində, Azərbaycanın müqəddəs yürüşünün ilk açar nöqtəsi oldu. O hadisə ilə başlayan milli oyanış prosesi, Xankəndidə üçrəngli bayrağın dalğalanması ilə zirvəyə çatdı. Xankəndi illərdir düşmənin nəzarətində olan, amma Azərbaycanın qəlbində yaşayan bir şəhər idi. Oraya gedən yol ilk olaraq Tovuzdan keçdi. Xankəndi bu gün Azərbaycan dövlətinin suverenliyinin simvoludur. Bu şəhər Azərbaycanın tərkibində, sülh və sabitlik platformasına çevrilir. Tovuzda atılan mərmi, Xankəndiyə qədər gedən iradənin başlanğıcı oldu. Bu yol qanla, qürurla və dualarla yazıldı.


Tovuzdan başlanan yol Zəngəzurdan keçəcək

Azərbaycanın tarixi coğrafiyası təkcə Qarabağdan ibarət deyil. Zəngəzur bu coğrafiyanın ayrılmaz parçasıdır və Tovuzla başlayan milli dirçəliş bu istiqamətə də uzanır. Zəngəzur dəhlizi Azərbaycanın regiondakı strateji üstünlüyünü daha da gücləndirəcək. Bu dəhlizə yalnız nəqliyyat xətti kimi baxmayaq. Həm də siyasi, iqtisadi və mədəni bir körpüdür. Zəngəzurdan keçən yol Türk dünyasının birliyini təmin edəcək. Tovuz-Zəngəzur-Türkiyə xətti Azərbaycanın Avrasiyanın əsas geosiyasi mərkəzinə çevrilməsinin rəmzidir. Bu yol gələcək nəsillərin rifahına açılan yoldur. 
Azərbaycanın hərbi, diplomatik və iqtisadi mübarizəsi qlobal xarakter daşıyır. Tovuzda başlayan proses Türkiyə ilə strateji tərəfdaşlığı gücləndirdi. Türk dövlətləri ilə əlaqələr yeni mərhələyə keçdi. Orta Dəhliz konsepsiyası gerçəkləşdi və Azərbaycanın dünyaya çıxışı daha da genişləndi. Bu gün Azərbaycanın uğur modeli Qazaxıstandan Macarıstana qədər öyrənilir və tətbiq edilir. Azərbaycanın iqtisadi, mədəni və informasiya gücü artıq sərhədləri aşır. Tovuzda başlayan bu yol Bakıdan Ankaraya, oradan da Brüsselə, Pekinə və Vaşinqtona qədər uzanır. Bu, Azərbaycanın sülh, əməkdaşlıq və güc yoludur.

Tovuzdan başlanan yol sülh gətirdi

Bəzən müharibə sülh üçün başlanır. Azərbaycan Vətən müharibəsini sülhün və sabitliyin bərpası üçün apardı. Tovuzdan başlayan gərginlik xalqın içində yığılan enerjini birləşdirdi və sistemli şəkildə qələbəyə çevrildi. Bu gün Qarabağda və sərhəd bölgələrində sabitlik hökm sürür. Sülh müqaviləsinin imzalanması məsələsi artıq real gündəlikdədir. Azərbaycan hərbi gücünü sülh üçün istifadə etdi və bu, beynəlxalq aləmdə nadir nümunələrdən biri kimi dəyərləndirilir. Bu yol bizi müharibədən sülhə, dağıntıdan quruculuğa, nifrətdən ümidə aparır. Sülh yolu Tovuzdan başlayıb, Qarabağdan keçir, Zəngəzurdan uzanır və gələcək nəsillərə İlham Əliyev mirasıdır.


Azərbaycan xalqı özünə qayıtdı

Qələbə ilə Azərbaycan xalqı öz tarixinə, kimliyinə və inamına qayıtdı. Artıq bu xalq öz gücünə, dövlətinə və liderinə sonsuz güvənir. Bu qayıdış mənəvi sərhədlərin bərpasıdır. Gənclər qəhrəmanları tanıdı, uşaqlar “Qarabağ bizimdir” deyə böyüdü. İnsanlar artıq qalib xalq olmağın qürurunu yaşayır. Hər bir ailədə şəhidin, qazinin hekayəsi var, bu, milli yaddaşın yenidən yazılmasıdır. Bu xalq indi özünə dönən, dirilən, güclənən xalqdır. Azərbaycan öz ruhuna qayıtdı.

Qərbi Azərbaycana yaxınlaşırıq

Azərbaycanın zəfəri təkcə Qarabağla bitmir. Qərbi Azərbaycan məsələsi artıq milli diskursun vacib hissəsidir. İrəvan, Göyçə, Zəngəzurda min illərlə yaşamış soydaşlarımızın hüquqları beynəlxalq hüquq çərçivəsində gündəmə gətirilir. Bu qayıdış savaşla olmayacaq, diplomatik və siyasi yolla olacaq. Artıq dünya da bu məsələnin fərqindədir. Qərbi Azərbaycana qayıdış prosesi milli kimliyimizin tamamlanmasıdır. Bu, tarixi ədalətin bərpası, qaçqın və məcburi köçkünlərin vicdanlı və qürurlu dönüşüdür. Qələbə ilə başlayan yol bizi Qərbi Azərbaycana aparır.



Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc olunub.