Вернуться назад Распечатать

Bəylər Eyyubov müəmması: generalın Əbu-Dabidə Prezidentin yanında görünməsi yeni suallar yaratdı

Prezidentin Təhlükəsizlik Xidməti (PTX) vəzifəsindən çıxdığı, Prezidentin Katibliyinin rəisi təyin olunduğu barədə müzakirələr bitməmiş, Bəylər Eyyubov vəzifəsinin başında  göründü. Məsələni qəlizləşdirən əsas amil isə mediada B.Eyyubov haqda yazılanlara heç bir rəsmi təkzibin olmamasıdır.

Vikipediyada da onun vəzifəsi “Azərbaycan  Respublikası Prezidentinin Katibliyinin rəisi” kimi göstərilir. Burada “Görünən dağa bələdçi olmaz” deyimi yada düşür.

Katibliyin rəisinin Əbu-Dabidə mühafizə xidmətinin rəhbəri kimi davranması isə diqqətləri yenidən generalın üzərinə cəmləyib və ictimaiyyətdə belə bir sual doğurub: Bəylər Eyyubovun ətrafında nə baş verir?

1xeber.media xəbər verir ki,Globalinfo.az-a  danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Prezidentin mühafizəsi olduqca mühüm vəzifədir və dövlət  qurumlarının 1 nömrəli xidməti hesab olunur:

“Odur ki, bu vəzifəni yalnız PTX-yə şamil etmək doğru deyil. PTX Prezidentin mühafizəsini sadəcə koordinasiya edir. Bu funksiyanın yerinə yetirilməsində dövlətin digər qurumları da, etibarlı və təcrübəli mütəxəssislər də bu və ya digər dərəcədə yer alırlar. Sözsüz ki, uzun illər PTX-ya rəhbərlik edən Bəylər Eyyubovun bu sahədəki təcrübəsi hər kəsdən daha çoxdur. 1994-cü ildən faktiki olaraq Prezidentin (əvvəl mərhum Heydər Əliyevin, sonra isə İlham Əliyevin) mühafizəsinin təşkil olunmasında xüsusi rol oynayıb. 30 ildən artıq təcrübəsi olan bir adamı təbii ki, kənarda qoymaq olmaz və onun bilik və bacarıqlarından yararlanmaq lazımdır. Burda həm də şəxsi sədaqət və etibarlılıq amili də rol oynayır. Məlumdur ki, PTX-nın hazırkı rəhbəri Fərid Əsgərov bu vəzifəsində hələ yenidir. Onun Bəylər Eyyubov kimi təcrübəli bir şəxsin köməyinə ehtiyacı ola bilər. Görünür, Eyyubovun bu məziyyətləri nəzərə alınıb və o da Əbu-Dabi səfərində Prezidentin mühafizəsi işinə cəlb olunub”.

Həmsöhbətimiz onu da qeyd edib ki, Bəylər Eyyubovun PTX rəisi vəzifəsindən uzaqlaşdırılması rəsmən təsdiqlənməyib:

“Mən onun işdən uzaqlaşdırılması və yerinə Fərid Əsgərovun gətirilməsi barədə hər hansı rəsmi Sərəncamla tanış deyiləm. Bu haqda sadəcə mediada xəbərlər yayımlanıb. Məlumatların səhihliyinə şübhə etməsəm də, Prezidentin bu vəzifə dəyişikliyi ilə bağlı heç bir Sərəncam imzalamaması onu göstərir ki, Bəylər Eyyubov da vəzifəsini tam təhvil verməyib. Faktiki olaraq PTX-ya o rəhbərlik edir. Mümkündür ki, hazırda yeni PTX rəisinin öz vəzifəsinə adaptasiya prosesi gedir. Məntiqlə, bu proses tamamlanmadan sabiq rəis də öz görəvinin başından ayrıla bilməz. Əgər bu iddialar doğrudursa, biz Bəylər Eyyubovun iştirak etmədiyi prezident  səfərləri ilə bir müddət sonra tanış olacağıq. Hələlik isə, prezidentin yanında Bəylər Eyyubov da olmalıdır”.

Heydər Oğuzun fikrincə, Bəylər Eyyubov Prezidentə ən sadiq insanlardan biridir:

“Təsadüfi deyil ki, Prezidentin baş mühafizəçisi vəzifəsini 30 ildən artıq yerinə yetirir. Bəylər Eyyubov həm Heydər Əliyevin, həm də İlham Əliyevin komandasında yer alan nadir şəxslərdən sayılır. Bu faktlar ona bəslənən etimadın da yüksək səviyyəsindən xəbər verir. Hesab edirəm ki, onun təqaüdə göndərilməsinin yalnız bir səbəbi var – 75 yaşına qədəm qoyması. Sözsüz ki, 75 yaşlı bir insan mühafizə işində ondan gözlənən fiziki çevikliyi sərgiləməkdə əziyyət çəkər. Bununla belə, onun ciddi təcrübəsi və intuisiyası, duyum qabiliyyəti var və görünən budur ki, Azərbaycan  siyasi iradəsi də Bəylər Eyyubovun bu qabiliyyətindən faydalanmaq niyyətindədir”.