Вернуться назад Распечатать

Moskvadan Bakıya qarşı yeni plan

Ukrayna  Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniç iyulun 10-da Kiyevdə öldürülüb. Polkovnikin qətlində azərbaycanlı  cütlük – Xaqani Quləlizadə və Nərmin Quliyevanın adının hallanması diqqət çəkir.

Tanınmış ukraynalı jurnalist  Yuri Butusov Voroniçin qətlində iştirak edən terrorçuların Azərbaycan  vətəndaşları olduğunu bildirərək həmin şəxslərin Rusiyada xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyini açıqlayıb. Bu məsələ Rusiyada yaşayan və müharibədə  “ucuz agentlər” olaraq istifadə edilən soydaşlarımızın təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.

Azərbaycanlı cütlük Rusiyaya nə vaxt gediblər və bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlığa necə başlayıblar? Onlar belə bir cinayətə hansı əsaslarla cəlb edilib?

1xeber.media xəbər verir ki,Globalinfo.az-a  danışan siyasi şərhçi Elçin Alıoğlu deyib ki, bu hadisə istənilən halda terrpr  əməliyyatı sayılır:

“Ukrayna  hakimiyyət dairələrinin verdiyi məlumata görə, sifarişli cinayətdə Nərmin Quliyeva və Xəqani Quləlizadə adlı iki şəxs birbaşa iştirak ediblər. Adı hallanan qadın 34, kişi isə 44 yaşlı Azərbaycan vətəndaşıdır. Rəsmi versiyaya görə, Quliyeva mayın 15-də Moldova ərazisindən Ukraynaya keçib. Quləlizadə isə əvvəlcə Ukraynaya daxil ola bilməyib, çünki 2030-cu ilə qədər ölkəyə girişi qadağan edilib. O, mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqədə olmaqda günahlandırılıb, amma buna baxmayaraq, nəticədə hər ikisi Ukrayna ərazisinə keçə bilib. Daha sonra məlum qətl hadisəsini törədiblər.

Bu cinayətin əsas məqamları Voroniçin kimliyində gizlidir. Məsələ ondadır ki, Ukrayna  Təhlükəsizlik Xidmətində İvan Voroniç çox yüksək vəzifə tutub. O, xidmətin beşinci idarəsinin əks-kəşfiyyat departamentinin rəhbəri idi. 2015-ci ildə yaradılan bu departament Rusiyanın işğalına məruz qalmış ərazilərdə diversiya, kəşfiyyat, əks-kəşfiyyat və təxribat əməliyyatlarını həyata keçirmək məqsədi daşıyırdı. Voroniç Rusiya ordusunun və xüsusi xidmət orqanlarının bir sıra tanınmış zabit və generallarının terror, sui-qəsd əməliyyatları vasitəsilə öldürülmələrində və yaralanmalarında bilavasitə iştirak edib. Digər tərəfdən, Ukraynanın Krımda həyata keçirilən bir sıra əməliyyatlarında aktiv rol oynayıb və bu əməliyyatların müəlliflərindən biri olub”.

Siyasi şərhçi qeyd edib ki, bu hadisə, Rusiya xüsusi xidmət orqanlarının etnik azərbaycanlılardan istifadə etdiyi müxtəlif ssenarilərindən biridir:

“Qətlin məqsədi çox məkrlidir, çünki Rusiya xüsusi xidmət orqanları məhz bu şəxslərdən istifadə edərək Voroniçə qarşı cinayət  törədib. Voroniç Kiyevin Qoloseyvki rayonunda iyulun 10-da qətlə yetirilib və bu sui-qəsd, Rusiyanın xüsusi xidmət orqanlarının qarşısında duran bir sıra planlardan xəbər verir. Birincisi, Voroniç Ukraynanın işğal olunmuş ərazilərindən olan Donetsk vilayətində, Donbasda yerli separatçıların hərbi liderlərindən birinin öldürülməsində aktiv iştirak edib. Bu, həm də Moskvanın ukraynalı polkovnikə qarşı keçirdiyi əməliyyatın, həmin separatçı liderin öldürülməsinə verilən bir cavab sayıla bilər. Lakin burada başqa bir məsələyə də diqqət yetirmək lazımdır. Ukraynalılar Voroniçi böyük bir qəhrəman kimi təqdim etsələr də, bəzi vacib məqamların açıqlanmasına ehtiyac var. Voroniç, yaşadığı çoxmərtəbəli yaşayış binasından çıxarkən 5 güllə ilə qətlə yetirilib. O, Rusiyaya qarşı sui-qəsdlər və terror  əməliyyatlarının hazırlanması üzrə departamentin rəhbəri deyil, bu departamentin banilərindən və təşkilatçılarından biri olub. Buna görə də onun qətlə yetirilməsi heç də adi bir hadisə deyil.

Bəs, niyə məhz azərbaycanlılar? Çünki Azərbaycanla Ukrayna arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrə kölgə salmaq məqsədilə Rusiyanın xüsusi xidmət orqanları, polkovniki qətlə yetirəcək şəxslərin azərbaycanlı olmasına çalışıblar. Məsələ ondadır ki, Voroniçin sui-qəsdində azərbaycanlıların adının hallanmasının nə dərəcədə səs-küyə səbəb olacağı əvvəldən düşünülüb”.

Alıoğlu vurğulayıb ki, terrorçunun, qatilin, cinayətkarın milli və etnik mənsubiyyəti yoxdur:

“Lakin Rusiya xüsusi xidmət orqanları bilərəkdən və məqsədli şəkildə Ukraynaya qarşı həyata keçirilən diversiya, təxribat və sui-qəsd əməliyyatları üçün rusiyalılara deyil, Rusiya ərazisində yaşayan etnik azlıqlardan istifadə etməyi qərarlaşdırıb. Bu etnik qruplar arasında çeçenlər, azərbaycanlılar, buryatlar və əsasən müsəlmanlar yer alır. Bu, çox çirkin və məkrli bir plandır. Azərbaycanın və ya azərbaycanlıların adının hallanması, bəhs etdiyim ssenarinin yalnız bir tərkib hissəsidir. İkinci hissə isə sui-qəsd planlarının mümkün qədər tez və daha böyük intensivliklə həyata keçirilməsi, həmçinin Ukrayna  təhlükəsizlik sisteminin zəiflədilməsidir. Eyni zamanda, bu, Rusiyanın daxili bazarına hesablanmış bir məsələdir, çünki ölkədə orta statistik rusiyalı düşünür ki, azərbaycanlılar da sui-qəsd əməliyyatlarında iştirak ediblər”.