Вернуться назад Распечатать

Mövcud siyasi reallıqda Azərbaycan və Türkmənistan koordinasiyalı addımlar atır – ŞƏRH

 Sovet İttifaqının süqutundan sonra müstəqillik qazanan Türkmənistan öz siyasətini qədim türkmən xalqının adət-ənənələri, həyat tərzi və milli dəyərləri əsasında formalaşdırdı. Bu ölkə müstəqillikdən sonra neytrallıq yolunu seçərək, daxili və xarici siyasətini bu prinsip üzərində qurub. Bu yanaşma "pozitiv neytrallıq" kimi xarakterizə olunur və ölkənin beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin əsas konturlarını müəyyənləşdirir.


Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Həsənova söyləyib.


Politoloq deyib ki, Türkmənistanın dövlət siyasətində qonaqpərvərlik, mehriban qonşuluq, insanpərvərlik, qarşılıqlı anlaşma arzusu, dini dözümlülük, başqa ölkələrin daxili işlərinə qarışmamaq, onların müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək, hərbi bloklara qoşulmamaq və beynəlxalq məsələlərin diplomatik yolla həllinə üstünlük vermək kimi əsas prinsiplər mühüm yer tutur. Bu siyasi xəttin rəmzi olaraq, ölkənin əsas rəsmi nəşri “Neytral Türkmənistan” qəzetidir.


Ş.Həsənovanın fikrincə, Türkmənistanın xarici siyasətində enerji amili, xüsusilə də ölkənin zəngin təbii qaz ehtiyatları həlledici yer tutur. Bu ehtiyatlar neytrallıq siyasətinin iqtisadi dayağı və siyasi aləti kimi çıxış edir.


“Azərbaycan ilə Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq da diqqətçəkən məqamlardandır. Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı, zəngin karbohidrogen ehtiyatlarına malik yatağın "Dostluq" adı altında birgə istismarı iki ölkə arasında strateji əməkdaşlığın bariz nümunəsidir. Bu razılaşma yalnız ortaq sərvətlərin istifadəsi baxımından deyil, eyni zamanda, ikitərəfli münasibətlərdə qarşılıqlı etimad və anlayışın güclənməsi nöqteyi-nəzərindən də əhəmiyyətlidir.


Türkdilli dövlət olmasına baxmayaraq, Türkmənistan hazırda Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir. Lakin bu statusun gələcəkdə tamhüquqlu üzvlüyə keçməsi ehtimalı böyükdür və bu prosesdə həm Azərbaycan, həm də Türkiyə maraqlıdır.


“Avropa İttifaqının enerji mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Türkmənistanın nəhəng ehtiyatları daha da ön plana çıxır. Lakin burada da Rusiya amili bir maneə kimi qalmaqdadır”, - deyən Şəbnəm Həsənova əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illərdir uğurlu enerji siyasəti həyata keçirir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, enerji ilə siyasət ayrı tutulduqda uğur əldə etmək mümkündür. Azərbaycanın bu təcrübəsi beynəlxalq aləmdə maraqla izlənilir və bir çox ölkələr, o cümlədən Türkmənistan tərəfindən nümunə kimi götürülür. Siyasi balansın qorunmasında və nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsində Azərbaycan və Türkmənistan ortaq mövqe formalaşdırmalıdır.


Politoloq bildirib ki, Türkmənistan nümayəndə heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri də xüsusi önəm daşıyır. Bu səfər həm siyasi, həm də mənəvi dəstəyin təzahürü kimi qiymətləndirilməlidir. Qazaxıstan, Özbəkistan və Qırğızıstandan sonra regionun daha bir dost və qardaş dövləti olan Türkmənistanın bərpa proseslərinə qatılması münasibətlərə yeni impuls verəcək.


“Qarabağın bərpasına göstərilən hər cür dəstək Azərbaycan üçün olduqca önəmlidir. Q.Berdiməhəmmədovun bu səfəri iki ölkə arasında əməkdaşlığın genişlənməsi və qarşılıqlı maraqlara əsaslanan yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Ş.Həsənova vurğulayıb.