Вернуться назад Распечатать

Deputatlar etiraz etdi – “Bizə tətil pulu verilmir!”

Son günlər deputatlara ayrılan məzuniyyət pulları ictimaiyyətdə narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlara görə, millət vəkillərinə buna görə 5–7 min manat aralığında ödəniş verilib. Əksəriyyət hesab edir ki, onsuz da yüksək maaş  alan deputatlara belə məbləğdə vəsaitin ayrılması ədalətsiz qərardır.

Deputatlar bu haqda nə düşünür?

1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan deputat  Aqil Abbas xəbəri təkzib edib.

Onun sözlərinə görə, deputatlar məzuniyyət pulu almır:

“İyul və avqust ayı məzuniyyətdə olduğumuz üçün bu iki ayın maaşını alacağıq. Deputatın maaşdan əlavə məzuniyyət pulu alması barədə deyilənlər boş söhbətlərdir. İstənilən adam məzuniyyətdə olanda işə gəlmədiyi ayın da maaşını alır. Bizə də əməkhaqqımızı veriblər”.

Sabiq deputat Rüfət Quliyev deyib ki, hər bir müəssisədə məzuniyyətə çıxan şəxsə ödəniş edilir:

“Burada problem nədir? Məzuniyyət zamanı hər yerdə olduğu kimi, Milli Məclisdə də işə çıxmadığı günlərin ödənişi verilir. Deputatın aldığı pul   qanunsuzdur? İstər dövlət, istərsə də özəl müəssisələrdə hər kəsə qanuni qaydada məzuniyyət pulu ödənilir”.

Deputat Arzuxan Əlizadə bildirib ki, əvvəllər deputatlar və bəzi digər dövlət  qulluqçuları məzuniyyətə çıxdıqda, əməkhaqqının müəyyən misli qədər əlavə ödəniş alırdılar:

“Lakin bu tətbiq artıq dayandırılıb. İki ildir ki, sistem ləğv olunub və digər sahələrdə işləyən şəxslərə olduğu kimi, deputatlara da məzuniyyət müddətində yalnız həmin dövr üçün nəzərdə tutulmuş normal maaş  ödənilir. İşçiyə məzuniyyət dövrünün maaşı əvvəlcədən verilir, lakin bu, əlavə ödəniş deyil. Yəni şəxs adi iş günü kimi maaş alır. Bu məsələdə çox zaman yanlış məlumatlar yayılır və bəzi mətbuat orqanları bunu yoxlamadan tirajlayır.

Digər tərəfdən, mətbuatda deputatların maaşları ilə bağlı yanlış təsəvvürlər də formalaşır. Məbləğlər bəzən yüksək kimi göstərilir, amma reallıqda belə deyil.Deputat maaşı cəmiyyətə təqdim olunan qədər yüksək deyil. Deputatların seçicilərlə bağlı qayğıları, rayonlarda yaşayan insanlara göstərdikləri dəstək və digər əlavə öhdəlikləri də nəzərə alsaq, maaşların yüksək olduğu fikri yanlışdır. Təəssüf ki, bəzi mətbuat orqanları və maraqlı şəxslər narazılıq yaratmaq üçün bu məsələləri şişirdirlər”.

Deputat Vüqar İskəndərov da deyilənlərin şaiyə olduğunu vurğulayıb:

“Deputatlar aylıq maaşlarını alırlar. Məzuniyyətə çıxanda da əlavə ödəniş verilmir. Aylıq əməkhaqqı nədirsə, məzuniyyətdə olduğumuz müddət həmin məbləği alırıq. Bu, bizim maaşımızdır. Əməkhaqqımız aşağı olan vaxtlarda əlavə bayram  günlərində ödənişlər edilirdi. Lakin sonradan bu ləğv edildi, maaşlarımız artırıldı”.