Avstraliyanın Kertin Universitetinin alimləri bir vaxtlar Marsda isti su olduğunu aşkar ediblər. Onlar NWA7034 Mars meteoritini tədqiq edərkən onun varlığına dair sübutlar tapıblar.
1xeber.media “Science Advances” (SciAdv) elmi jurnalına istinadla xəbər verir ki, mütəxəssislər həmin meteoriti 2011-ci ildə Sahara səhrasında tapıblar və hamar qara səthə malik olan bu göy cismini “Qara gözəllik” adlandırıblar. Alimlər asteroidin iki milyard yaşı olduğu fərziyyəsini irəli sürüblər. Bununla belə, onlar onun içərisində 4,45 milyard il yaşı olan daha köhnə bir sirkon dənəsini aşkar ediblər.
Nanoölçülü görüntüləmə və spektroskopiyadan istifadə edən mütəxəssislər meteoritin fraqmentində müəyyən elementləri də tapıblar. Onlar göy cisminin kimyəvi tərkibini öyrənə biliblər. Belə ki, alimlər sirkonda dəmir, alüminium, ittrium və natrium tapıblar ki, bu da Marsda milyardlarla il əvvəl hidrotermal ventilyasiyaların olduğunu göstərir.
Tədqiqatçılar qeyd ediblər ki, bu kimyəvi elementlər süxurun formalaşması zamanı onun tərkibinə daxil edilib və bu, Marsda erkən vulkanik fəaliyyət zamanı suyun olduğunu göstərir.
Bundan əvvəl Çinin “Zhurong” roveri qədim zamanlarda Marsda nəhəng okeanın mövcud olması nəzəriyyəsini dəstəkləyən yeni dəlillər aşkar edib. Alətlər vasitəsilə sahil xəttinin mümkün izləri də aşkar edilib.