Bir qrup jurnalist, hüquq müdafiəçisi, ictimaiyyət nümayəndəsi “Toplum TV iși” üzrə həbsdə olan media eksperti və hüquqşünas Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə bildirilir ki, 2024-cü il martın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Ələsgər Məmmədlinin səhhətində ağırlaşmalar müşahidə olunub: “Tibbi müayinələr nəticəsində onun qalxanvari vəzisində 23 mm ölçüdə TIRADS III düyün (50–75% xərçəng riski), qaraciyər, böyrək və pankreasla bağlı ciddi problemlər, həmçinin prostat vəzində kalsinatlar aşkar edilib. Tibbi protokola görə, qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər”.
Müraciətdə daha sonra qeyd olunur ki, Ə.Məmmədlidə kəskin boğulma, fasiləsiz baş ağrısı, başgicəllənməsi və ürəkbulanma kimi simptomlar artmaqdadır və bu hal onun həyatı üçün real təhlükə yaradır.
Müraciət müəllifləri həmçinin Milli Mətbuatın 150 illiyi ərəfəsində media hüquqları sahəsində tanınmış ekspert olan Ələsgər Məmmədliyə xüsusi yanaşma göstərilməsinə ümid etdiklərini bildiriblər.
Müraciətdə Prezidentdən Ələsgər Məmmədlinin özəl klinikaların birində cərrahi əməliyyat olunması üçün hüquqi imkanların nəzərdən keçirilməsi xahiş edilib.
Müraciəti Qulu Məhərrəmli (jurnalist, BDU-nun professoru), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti), Osman Gündüz (“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru), Mehman Əliyev (jurnalist), Arif Əliyev (jurnalist, “Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri), Sabit Bağırov (Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti), Adil Qeybulla (tibb elmləri doktoru, ATU-nun professoru), Novella Cəfəroğlu (Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri), Səadət Bənənyarlı (Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri), Səidə Qocamanlı (“İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri), Aslan İsmayılov (“VİZA” Hüquq Firmasının drektoru), Mirəli Hüseynov (“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri) imzalayıblar.