Türkiyədə 70 kiloqram qızılla saxlanılan, sonradan Bakıya çağırılaraq həbs olunan hərbi attaşe Qəhrəman Şamil oğlu Məmmədovla bağlı bəzi təfərrüatlar məlum olub.
1xeber.media Musavat.com-a istinadən xəbər verir ki, Qəhrəman Məmmədov uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru vəzifəsini tutmuş akademik Qərib Məmmədovun qardaşıdır.
Qərib Məmmədov Metropolitenin sabiq rəisi, mərhum Tağı Əhmədov YAP Yasamal Rayon Təşkilatına sədrlik etdiyi dövrdə onun birinci müavini olub. Qərib Məmmədov qardaşının həbsi ilə bağlı açıqlama verməyə tələsmir. Məlum olan budur ki, Qəhrəman Məmmədov Türkiyəyə Ərəbistandan gəlib. Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılıb. Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur və onun 70 kiloqram qızılı Türkiyəyə Ərəbistandan gətirdiyi bilinir.