Вернуться назад Распечатать

AZAL-ın təyyarəsinin vurulması beynəlxalq məhkəmədə

 

Azərbaycan bu hadisəyə görə Rusiyaya qarşı bir neçə beynəlxalq hüquqi mexanizmdən istifadə edə bilər

“Təəssüf ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardırlar. Onlar da gözəl bilirlər ki, nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi - etiraf etmək, öz günahlarını etiraf etsinlər.

Bizim təyyarəni vuranlar cəzalandırılsın və təzminat ödənilsin ailələrə. Qurbanların və yaralıların ailəsinə, AZAL-ın təyyarəsinə də görə təzminat ödənilməlidir". Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı suala cavabında belə deyib.

Prezident bildirib ki, artıq yeddi ay keçməsinə baxmayaraq, rəsmi Moskva bu məsələ ilə bağlı Azərbaycana heç bir konkret cavab verməyib: "Baş prokurorumuz Rusiya İstintaq Komitəsinin rəhbərinə mütəmadi məktublar göndərir. Amma cavab sadəcə budur: "İstintaq davam edir"".

Dövlət başçısı bu vəziyyəti qəbuledilməz adlandıraraq bildirib ki, Azərbaycan bu prosesi unutmur və unutmayacaq: “Bu o demək deyil ki, biz bunu unuduruq. Xeyr. Biz unutmuruq və unudası deyilik”.

Prezident həmçinin bəyan edib ki, Azərbaycan beynəlxalq hüquq sisteminə müraciət etməyə hazırlaşır və bu istiqamətdə artıq Rusiya tərəfinə də rəsmi məlumat verilib: "Biz hazırda beynəlxalq məhkəməyə təqdim ediləcək hüquqi portfeli hazırlayırıq. Rusiya tərəfini də bu barədə məlumatlandırmışıq. Bilirik ki, bu proses vaxt ala bilər. Malayziya hadisəsinin ədalətinə 10 il sərf olundu. Biz də 10 il gözləməyə hazırıq. Amma ədalət bərpa olunmalıdır".

Qeyd edək ki, Varşava (1929) və Monreal konvensiyaları sərnişinin ölümü və ya xəsarət alması hallarında daşıyıcının (həmçinin üçüncü şəxslərin) maliyyə məsuliyyətini müəyyən edir. Monreal Konvensiyasını 140 dövlət, o cümlədən Azərbaycan və Rusiya ratifikasiya edib. Monreal Konvensiyası inflyasiyadan asılı olaraq zərərin məbləğini indeksləşdirməyə imkan verir. Monreal Konvensiyasına əsasən, hazırda ölüm halında təxminən 190 min dollar, yaralanma və xəsarət olarsa, 167 min dollar məbləğində kompensasiya verilir. Kompensasiya ödənilərkən daxili və beynəlxalq uçuşlar arasında fərq var. Məsələn, Rusiyada daxili uçuşlar zamanı bir sərnişinin ölümü halında təxminən 2 milyon rubl məbləğində kompensasiya müəyyən edilib.

“Azərbaycan Hava Yolları”na məxsus “Embraer E190" təyyarəsinin qiyməti vəziyyətindən, uçuş saatlarının sayından, texniki xüsusiyyətlərindən asılı olaraq 15 milyon dollardan 45 milyon dollara qədər ola bilər. Yəni bu məbləğ Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi raketlərin bir neçəsinin toplam qiyməti qədərdir...

Məhkəmə perspektivi ilə bağlı  danışan vəkil Cavad Cavadov deyib ki, AZAL-ın təyyarəsinə  hücum beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır və məsuliyyət birbaşa Rusiya dövlətinin üzərinə düşür: “Burada bir neçə əsas pozuntu ön plana çıxır. Mülki təyyarəyə qarşı hərbi güc tətbiq olunması. Bu isə 1944-cü il tarixli Çikaqo Konvensiyasına tam ziddir. Həmin maddəyə görə, heç bir dövlət mülki hava gəmisinə qarşı silahlı müdaxilə edə bilməz. Konvensiyanın 25-ci maddəsinə əsasən, təcili vəziyyətdə olan mülki təyyarələrə yardım göstərilməsi beynəlxalq öhdəlikdir. Qroznı və Mahaçqala hava limanlarına enişin rədd edilməsi, nəticədə Aktauya məcburi eniş və 38 nəfərin ölümü bu maddənin pozulduğunu göstərir. Bu, həm də humanitar hüququn insani yardım prinsiplərinin pozuntusu kimi dəyərləndirilə bilər. Təyyarənin GPS naviqasiya sistemlərinin sıradan çıxması, ehtimal ki, radioelektron mübarizə (REM) vasitələri ilə müdaxilə nəticəsində baş verib. Bu isə naviqasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlara, o cümlədən Çikaqo Konvensiyasının müvafiq tələblərinə ziddir və mülki aviasiya üçün real təhlükə yaradıb”.

Vəkil vurğulayıb ki, Azərbaycan bu hadisəyə görə Rusiyaya qarşı bir neçə beynəlxalq hüquqi mexanizmdən istifadə edə bilər: “Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) - Azərbaycan bu təşkilata üzvdür və Çikaqo Konvensiyası çərçivəsində rəsmi şikayət təqdim edə bilər. ICAO bu cür hallarda həm texniki, həm də hüquqi qiymətləndirmə aparır və məsuliyyət daşıyan tərəflə bağlı rəy formalaşdırır. Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) - Əgər ICAO-da mübahisə həll olunmasa və ya tərəflər razılığa gəlməsə, Azərbaycan dövlətlərarası iddia ilə ICJ-yə müraciət edə bilər. Bu prosesdə məsuliyyətin rəsmi şəkildə tanınması və təzminat tələb olunması mümkündür.

BMT Təhlükəsizlik Şurası və Baş Assambleya - Bu hadisə beynəlxalq sülhə və təhlükəsizliyə təhdid kimi qiymətləndirilə bilər. Azərbaycan bu məsələni BMT gündəminə çıxararaq siyasi və diplomatik cavab mexanizmlərinin işə salınmasına nail ola bilər.

Zərərçəkmiş ailələrin hüquqları - 1929-cu il Varşava Konvensiyası və 1999-cu il Monreal Konvensiyası əsasında zərərçəkmiş ailələr kompensasiya tələbləri ilə çıxış edə bilərlər. Bu proseslər həm ikitərəfli diplomatik danışıqlar, həm də beynəlxalq arbitraj və ya məhkəmə instansiyaları vasitəsilə aparıla bilər. Azərbaycan bu məsələni beynəlxalq səviyyədə hüquqi və siyasi müstəvidə ardıcıl şəkildə qaldırmalı, ICAO və BMT çərçivəsində proseslərə start verməli, həlak olanların ailələrinin hüquqları üçün kompensasiya tələb etməlidir. Bu, təkcə milli faciə deyil, eyni zamanda beynəlxalq aviasiya təhlükəsizliyinə qarşı təhlükəli bir presedentdir".

Cavad Cavadov deyib ki, bu hadisə, eyni zamanda 2014-cü ildə Ukraynada baş vermiş və 298 insanın həlak olması ilə nəticələnmiş MH17 faciəsi ilə təhlükəli paralellik daşıyır: “Həmin zaman Malayziya Hava Yollarına məxsus "Boeing 777" təyyarəsi Rusiya hərbçiləri tərəfindən təmin edilmiş “Buk” zenit-raket kompleksi ilə vurulmuşdu. Niderland və Avstraliya başda olmaqla, bir sıra ölkələr bu hadisəyə görə Rusiyaya qarşı ICAO, BMT və digər beynəlxalq platformalarda hüquqi proseslər başladılar. Niderlandın Haaqa Dairə Məhkəməsi 2022-ci ildə Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli şəxsləri cinayət məsuliyyətinə cəlb etdi. Daha önəmli qərar isə 9 iyul  2025-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən qəbul olundu. Məhkəmə Ukrayna və Nİderlandın Rusiyaya qarşı dövlətlərarası şikayəti üzrə MH17 faciəsi üzrə Rusiyanın məsuliyyətini rəsmən tanıdı, beləliklə, mülki hava gəmisinə qarşı həyata keçirilmiş hərbi hücuma görə beynəlxalq hüquqi məsuliyyətin presedenti formalaşdı. Bu, AİHM-in tarixində ilk dəfə idi ki, bir dövləti beynəlxalq humanitar hüquq normalarını pozduğuna görə bu qədər açıq və sərt şəkildə məsuliyyətə cəlb edirdi. Təəssüf ki, Rusiya artıq Avropa Şurasından çıxmış və Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından kənarda qalmışdır, buna görə də bu mexanizm bu konkret hadisə üçün açıq deyil. AZAL təyyarəsinə qarşı törədilmiş hücum da oxşar hüquqi xarakter daşıyır. Hər iki halda beynəlxalq hava məkanında, mülki hava gəmisinə qarşı ölümcül güc tətbiq olunmuşdur. Belə presedentlər beynəlxalq aviasiya təhlükəsizliyi sistemini sarsıdır və bu cür hallarda məsuliyyətin müəyyən edilməsi gələcək təhlükələrin qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır. Bu tip presedentlər beynəlxalq aviasiya sistemində təhlükəsizlik prinsipini ciddi şəkildə təhdid edir".

“Yeni Müsavat”