Вернуться назад Распечатать

Əliyev ölkəsinin ən strateji “silahını” yenilədi

İlk dəfə idi ki,Şuşa  Qlobal Media Forumunda iştirak edirdim. Bundan öncəki Forumlara televiziyalardan canlı baxmışdım. Ayrı-ayrı epizodları, çıxışları internetdən izləmişdim. Canlı iştirak tamam fərqli qənaət, emosiya və təəssürat yaradırmış.

 İlham Əliyevin xarici və yerli media nümayəndələri qarşısında çıxışı, suallara cavabı, mülahizələri, arqumentləri, auditoriya ilə rəftarı nə qədər geniş vizion sahibi olduğunu bir daha dünyaya və bizlərə göstərmiş oldu. İlham Əliyev  Xankəndidəki qlobal səhnədən dünyaya mesaj verirdi. Azərbaycanın maraqlarını, hədəflərini hər kəsə bəyan edirdi. Qırmızı xəttimizi keçməyə çalışanlara, bizi qorxutmaq istəyənlərə növbəti dəfə yerini göstərirdi. Bunu yumşaq güclə, sözlə, fikirlə edirdi. Artıq dəmir yumruğu qılıncdan kəskin sözlər əvəzləyir. Onun bu master klası, Prezidentin öz sözləri ilə desək, geopolitik layları yerindən tərpətdi.

Mən Qarabağ  Zəfərinin əsl mahiyyətini 3 il öncə Şuşaya gedəndən sonra tam mənası ilə anlamışdım. Oradan döndükdən sonra yazdığım təəssürat məqaləsində belə cümlə vardı: 44 günlük Vətən müharibəsinin məntiqini, İlham Əliyevin necə bir komandan və lider olduğunu bilmək üçün mütləq Zəfər Yolu ilə Şuşaya getmək lazımdır. Onda hələ Xankəndiyə Şuşa zirvəsindən həsrətlə baxırdıq.

İlham Əliyevin təfəkkürünün miqyasını isə Xankəndi şəhərində keçirilən 3-cü Şuşa Qlobal Media Forumunda iştirak edərkən yenidən idrak etdim. Prezident  ölkəsinin ən strateji və təsirli “silahını” – medianı mükəmməl görmək istəyir. O, bizi – jurnalistləri – məhəlli düşüncədən qlobal təfəkkür sahibi olmağa səsləyir. Dünyaya açılmağımızın vacibliyini bildirir.
Artıq nəticə var. Prezident  Forumda ğlıkə mediası haqda danışarkən razılığını bildirdi. Azərbaycan  jurnalistlərinin fəaliyyətinin dünya  siyasətinə təsir etdiyini dedi. Neçə illik siyasətin özəyində dayanan məntiq, fəlsəfə bu imiş…

19 iyul 2025-ci il. İlham Əliyev  III Şuşa  Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb

Şuşa  Forumundan dərhal sonra ABŞ  Prezidenti Donald Trampın İlham Əliyevin çıxışından bir hissəni özünün sosial şəbəkə hesabında paylaşması qlobal yanaşmanın və geopolitik hədəfin gerçəkləşdiyinin sübutudur.

Prezident ölkə  mediasına daxili faktor kimi yanaşmır. Ən vacib məqam budur! Məsələyə böyük pəncərədən baxır və komandasını da bu yüksəkliyə daşıyır. Son 5 ildə sahənin inkişafı, keyfiyyət dəyişikliyinin baş tutması üçün olduqca uğurlu kadrları prosesə cəlb edib. İnkişafa mane olan əyalət düşüncəli, məhəlli baxışlı hər kəs proseslərdən kənarlaşdırılıb. Medianın xaric notlara toxunmaması üçün xarici medianı bilən, beynəlxalq tendensiyaları peşəkar şəkildə qavrayan komanda Prezidentin media siyasətinin icraçısı kimi uğurlu fəaliyyət göstərir. Medianın İnkişafı Agentliyi kimi çevik və faydalı institut yaradılıb.

Yeri gəlmişkən, 3-cü Şuşa   Qlobal Media Forumu çox yüksək səviyyədə təşkil olunmuşdu. Ən xırda detala qədər hər şey nəzərə alınmışdı. Mən MEDİA  rəhbərliyini və komandasını bu uğurlu və məsuliyyətli fəaliyyətə görə təbrik edirəm. Sözün bütün mənalarında Şuşa  səviyyəsində bir performans ortaya qoyuldu.

Şərəfli və məsuliyyətli peşəmiz var. Azərbaycanda ikinci bir peşə yoxdur ki, onun bayramı, yaradılış günü bu cür təntənəli şəkildə qeyd edilsin, beynəlxalq miqyas alsın. Sözümüz kəsərdən, əlimiz qələmdən düşməsin.

Azər Ayxan

Əməkdar jurnalist