Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) "Embawood" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
1xeber.media Qaynarinfo-ya istinadla xəbər verir ki, qurum şirkətdən xüsusi geyim formaları almağı planlaşdırır. Satınalma müqaviləsinin maliyyə dəyəri 745 116,9 manatdır.
"Embawood" şirkəti 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3 750 manatdır. Şirkətin qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur.
Mediada gedən məlumatlara görə isə "Embawood"un təsisçilərindən biri Məşhur Məmmədovdur.
Məşhur Məmmədov deputatdır. Onunla bağlı biorafik məlumatlarda qeyd edilir ki, 2002-2009-cu illərdə "Embawood" MMC-nin direktoru, 2009-2011-ci illərdə "Embawood İnşaat" MMC-nin direktoru, 2011-2014-cü illərdə "Embawood" MMC-nin baş direktorunun birinci müavini, 2014-2020-ci illərdə "Progress Construction" MMC-nin direktoru vəzifələrində çalışıb.
"Embawood" mebel şirkətidir. Bu barədə şirkətin rəsmi saytında da qeyd edilib. Maraqlıdır ki, "ASAN Xidmət" mebel şirkətindən geyim alır.