Вернуться назад Распечатать

Rusiyadan Azərbaycana və əks istiqamətdə pul köçürmələri azalıb

 Bu ilin birinci rübündə Azərbaycandan Rusiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,5 milyon ABŞ dolları təşkil edib.


1xeber.media Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon ABŞ dolları və ya 1,7 dəfə azdır.


Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Rusiyanın payı 8,4% təşkil edib.


Həmçinin, cari ilin ilk rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 85,6 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 69,7 milyon ABŞ dolları və ya 1,8 dəfə azalma deməkdir.


Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Rusiyanın payı 37,3% təşkil edib. Bununla da Rusiya dövr ərzində Azərbaycana ən çox pul daxilolmaları üzrə ilk pillədə qərarlaşıb.


2024-cü ilin birinci rübündə Azərbaycandan Rusiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 16,2 milyon ABŞ dolları, əks istiqamətdə isə 155,4 milyon ABŞ dolları təşkil edib.


Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.


Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.


Bundan əlavə, Azərbaycan 2025-ci ilin ilk rübündə Fransa iqtisadiyyatına 9,211 milyon ABŞ dolları investisiya yatırıb ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 960 min ABŞ dolları və ya 9,4% azdır. Hesabat dövründə birbaşa xarici investisiyaların ümumi həcmində Fransaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,9% təşkil edib.