Вернуться назад Распечатать

Türkiyə Sahil Mühafizəsi ilə Gürcüstan Sərhəd Polisi ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

Gürcüstan Sərhəd Polisi rəisinin birinci müavini Giorgi Qureşidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Sahil Mühafizəsinin dəvəti ilə Türkiyədə olub.

1xeber.media xəbər verir ki, bu barədə Gürcüstan Sərhəd Polisi məlumat yayıb. Bildirilir ki, səfər çərçivəsində Gürcüstan Sərhəd Polisinin nümayəndələri Türkiyə Sahil Mühafizəsinin rəisi, vitse-admiral Əhməd Kendir ilə görüşüb.

Tərəflər Türkiyə Sahil Mühafizəsi ilə Gürcüstan Sərhəd Polisi arasında mövcud ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Türkiyə tərəfinin kadr hazırlığı və maddi-texniki təminat baxımından yardımının əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin, gələcək əməkdaşlıq və Sahil Mühafizəsi Departamentinə göstəriləcək texniki yardımın istiqamətləri müəyyən edilib.

Səfər çərçivəsində Giorgi Qureşidze İstanbul Sərgi Mərkəzində keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2025) iştirak edib.