Вернуться назад Распечатать

Çimərlikləri çirkləndirənlər üçün cərimələrin artırılması zəruridir - RƏY

Çimərliklərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması, o cümlədən sahil xəttində formalaşan bərk məişət tullantılarının, çirkab suların qanunamüvafiq qaydada idarə olunması vəziyyətinə nəzarəti gücləndirmək məqsədilə dövlət tərəfindən hər il yay mövsümündə müvafiq tədbirlər həyata keçirilir. İyul ayı ərzində əraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin olunması istiqamətində  Daxili İşlər Nazirliyinin həyata keçirdiyi  növbəti tədbirlər zamanı Neftçala rayonunun Şirvanlı kəndində məişət tullantılarının təyin olunmuş yerlərdən kənara - dəniz sahilinə atılması, Astara rayonunun Şahağacı kəndində yerləşən bir istirahət mərkəzində dənizə çirkab sularının axıdılması, Qamışoba kəndində yerləşən istirahət mərkəzində məişət tullantılarının yandırılması, paytaxtın Pirallahı rayonunda yerləşən mağazaların birində isə məişət tullantılarının təyin olunmuş yerdən kənara atılması müəyyən edilib. Ekoloji çirklənmənin qarşısının alınması məqsədilə cəmiyyətdə mütəmadi maarifləndirməyə ehtiyac olduğu bildirilir.

 

Mövzu ilə əlaqədar 1xeber.media a fikirlərini bölüşən Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev deyib ki, çimərliklərdə ekoloji davranış mədəniyyətinin zəif olması ciddi problemdir.

 

Naqif Həmzəyev təkliflərlə çıxış etdi Pravda.az

 Deputat bildirib ki, bu məsələyə kompleks yanaşım tələb olunur:

 

“İnsanlar çox vaxt plastik tullantıların dəniz həyatına və ekosistemə vurduğu zərərin dərinliyini bilmirlər. Bir plastik butulkanın 450 il, siqaret kötüyünün 10-12 il təbiətdə qalması faktları geniş kütləyə çatdırılmır. Çimərliklərdə kifayət qədər zibil qutusu, ayrı-ayrı toplama konteynerləri yoxdur. Mövcud olanlar da vaxtında boşaldılmır. İnsanlar başqalarının ekologiyanı çirkləndirməsinə laqeyd qalırlar, müdaxilə etmirlər. Təhsil və maarifləndirmə çox vacibdir. Məktəblərdə ekoloji təhsil proqramlarının gücləndirilməsi, sosial mediada məlumatlı kampaniyaların təşkili, çimərliklərə ekoloji məlumat lövhələrinin qoyulması reallaşdırılmalıdır. Hər 50-100 metr məsafədə zibil qutuları, plastik, kağız, organik tullantılar üçün ayrı konteynerler, siqaret kötükləri üçün xüsusi qablar quraşdırılmalıdır. Təmizlik gününə qatılan ailələrə güzəştlər edilə bilər. Çimərlikləri çirkləndirənlər üçün cərimələrin artırılması zəruridir. "Təmiz çimərlik" sertifikatı proqramı yaradıla bilər. Könüllü təmizlik qruplarının yaradılması, “Çimərlik nəzarətçiləri" proqramı, yerli bizneslərin məsuliyyət öhdəliklərinin artırılması prosesə dəstək ola bilər. Nə vaxta qədər ki, insanlarımız özlərini təbiətin bir parçası kimi hiss etməyəcəklər, bu problem kökündən həll olunmayacaq. İnsanlarımıza təbiəti sevdirməliyik”.

 

Ekoloq Rövşən Abbasov isə deyib ki, təkcə çimərliklərdə, dəniz sahillərində yox, bir çox ərazilərdə insanlarda məlumatlılığın aşağı olmasını müşahidə edirik:

Rövşən Abbasov: Azərbaycanda tezliklə milli biomüxtəliflik fəaliyyət planı  qəbul olunacaq - AZƏRTAC

 

“Ətraf mühitə tullantı atan insan məlumatlılığı aşağı olduğu üçün məsuliyyət hiss etmir. Zibili istədiyi yerə tullayanda onu heç bir cəzanın gözləmədiyini bilir. Polisin işə qarışması çox yaxşı haldır. Bunun bir qədər də piarını aparmaq lazımdır ki, insanlar daha məsuliyyətli olsunlar. Bilsinlər ki, dəniz sahilini çirkləndirirlərsə, bunun arxasında hökmən inzibati məsuliyyət var. İnsanların məlumatlılığını artırmaq üçün daha strateji istiqamətlərdə işləməli, müxtəlif bilik paketlərindən istifadə etməliyik. Televiziyalarda, media orqanlarında, sosial mediada tez-tez bu barədə çağırışlar, videoçarxlar, məlumatlandırıcı verilişlər yayımlanmalıdır ki, insanlar başa düşsünlər, təbiəti çirkləndirmək həm ətraf mühitə, həm flora və faunaya təhlükə yaradır, həm də onların özlərinə qarşı yönəlib. Özləri üçün potensial təhlükə törədir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az