Rusiyada ictimai və media dairələrində yenidən gərgin reaksiya yaranıb.
1xeber.media xəbər verir ki, Globalinfo.az-a xəbər verir ki, buna səbəb Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun etnik azərbaycanlıların Rusiyanın ən qədim şəhərlərindən biri olan Dərbənddə avtoxton xalq olduğunu xatırlatmasıdır.
Zülfüqarov verdiyi açıqlamada deyib:
“Rusiyanın ən qədim şəhəri Dərbənddir. Onun əhalisinin təxminən 40 faizini etnik azərbaycanlılar təşkil edir.
Bizi “Azərbaycanımıza get” deyənlər nə demək istəyir? Yerli xalq öz torpağını tərk etməlidir?”
Bu bəyanat xüsusilə Kremlə yaxın bəzi təbliğatçı dairələrdə narahatlıq doğurub. Radikal mövqeyi ilə seçilən “Çarqrad” və digər media platformaları dərhal “azərbaycanlılar Rusiyanın yerliləridirmi?” sualını gündəmə gətirərək mövzunu şişirdiblər.
Qeyd etməliyik ki, Dərbənd şəhəri 5000 ildən artıq tarixi ilə təkcə Rusiyanın deyil, ümumilikdə Qafqazın ən qədim yaşayış məskənlərindən biridir. Şəhər hələ Moskva salınmamışdan min illərlə öncə ticarət yollarının kəsişməsində yerləşən strateji mədəniyyət və istehkam mərkəzi olub.
Bu ərazidə əsrlər boyu azərbaycanlılar, ləzgilər, tatlar, avarlar, saxurlar və digər yerli Qafqaz xalqları yaşayıb. Onların mövcudluğu rus ordusunun 1700-cü illərdə bölgəyə gəlişindən çox-çox əvvələ gedib çıxır.
Tarixçilərin qeyd etdiyi kimi, 10-cu əsrə qədər müasir Mərkəzi Rusiya ərazisində “rus” etnosu mövcud deyildi. Bu ərazilərdə əsasən fin-uqor xalqları – muroma, mari, komi, udmurt, vəs və başqaları yaşayırdı.
“Rus” adı isə 9-cu əsrdə Şərqi Avropaya gələn skandinav mənşəli varangiyalı muzdlularla bağlıdır. Onlar sonradan Kiyev Rus dövlətində siyasi elitanın bir hissəsinə çevrildilər. Əslində “rus” kimliyinin özü müxtəlif tayfaların, dillərin və mədəniyyətlərin qarışımından yaranıb.
Bu baxımdan, Azərbaycan xalqının Dərbənd və Cənubi Dağıstan ərazisində minilliklər boyu mövcudluğu tarixi və arxeoloji faktlarla sübut olunmuş bir gerçəklikdir.