Вернуться назад Распечатать

İşdən çıxarılan Kamil Hacıyev aşağı vəzifəyə təyin edildi

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsindən çıxarılan Kamil Hacıyev daha aşağı vəzifəyə təyin edilib.

1xeber.media xəbər verir ki, Kamil Hacıyev Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini təyin olunub.

O, işdə yol verdiyi çoxsaylı nöqsanlara görə vəzifəsini itirmişdi. Bir neçə gün əvvəl Kamil Hacıyevin 350 manat cərimə edilməsi barədə xəbər vermişdik. Buna səbəb Qusar rayonu Həzrə kənd həkim məntəqəsində keçirilən planlı yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasının aşkar edilməsi olmuşdu.

Xatırladaq ki, vaxtı ilə Bakı Sağlamlıq Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri olmuş Kamil Hacıyev ötən ilin fevralında Qusar xəstəxanasına təyinat almışdı.

Kamil Hacıyev Qusara təyinat aldıqdan sonra adı bir neçə qalmaqalda hallanırdı. İşçilərin hüquqlarının pozulmasına görə də K.Hacıyev cərimələnib. Xəstəxanada vaxtı keçmiş dərmanların satılması ilə bağlı da iddialar var idi. Həmin dərmanların satışını Kamil Hacıyevin həyat yoldaşının həyat keçirməsi ilə bağlı səs yazısı da yayılmışdı.

Kamil Hacıyevin yerinə Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsinə İmran Qurbanov gətirilib. İ.Qurbanov ixtisasca cərrahdır və yeni təyinatadək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində fəaliyyət göstərib.