1xeber.media xəbər verir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindəki roluna görə Avropa İttifaqının sanksiyaları altında olan Federasiya Şurasının spikeri Valentina Matviyenko hökumət təyyarəsinin İtaliya və Fransadan hava məkanını keçməyə icazə almasından sonra Cenevrədə keçirilən konfransda iştirak edə bilib.
Agentlik xatırladır ki, 76 yaşlı Matviyenko parlamentin yuxarı palatasında Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qoşun yeritmək və Rusiya hökuməti tərəfindən qismən işğal olunmuş dörd Ukrayna bölgəsini ilhaq etmək qərarını təsdiqləmək üçün keçirilən səsverməyə nəzarət edib.
Avropa İttifaqı 2022-ci ilin fevralında müharibənin başlamasından bir neçə gün sonra Rusiya təyyarələrinin öz hava məkanında uçuşunu qadağan etdi və üzv dövlətlərin “onların öz əraziləri üzərində eniş, havaya qalxma və ya uçmalarına icazə verməyəcəyini” söylədi. İsveçrə Aİ-nin üzvü deyil, lakin qismən Avropa sanksiyalarına qoşulub.
Uçuş izləmə məlumatlarına görə, Matviyenkonun təyyarəsi Cenevrəyə gedərkən Türkiyə və Aralıq dənizi üzərində, daha sonra İtaliya üzərindən uçub. Bloomberg yazır ki, çərşənbə günü o, Fransa və İtaliyanın hava məkanından keçərək yenidən Moskvaya uçub.
Agentliyin Romadakı mənbələrindən verilən məlumata görə, İtaliya İsveçrə hökumətinin tələbi ilə Rusiya təyyarəsinin öz hava məkanına daxil olmasına icazə verib. Onların sözlərinə görə, Roma icazə verməzdən əvvəl Fransanın hakimiyyət orqanları ilə məsləhətləşib, o da analoji sorğu alıb.
İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi bu konkret halı şərh etməkdən imtina edib, lakin qeyd edib ki, ölkə hökuməti ölkəyə girişə, xüsusən humanitar, tibbi və ya diplomatik məqsədlərlə səyahətə qadağa qoyulan sanksiyalardan istisnalar edə bilər.
Matviyenkonun Cenevrədə keçirilən Parlament Sədrlərinin Ümumdünya Konfransında iştirakı Kiyev və onun müttəfiqlərinin tənqid fırtınasına səbəb olub. Onun çıxışı zamanı bəzi nümayəndə heyətləri iclas zalını tərk ediblər. Federasiya Şurasının spikeri özü bunu “heç kimin fikir vermədiyi ağcaqanad dişləmələri” adlandırıb.