Вернуться назад Распечатать

"Bu görüşə girsən, qandalla çıxacaqsan" - 24 il əvvəl məni Heydər Əliyevlə görüşə niyə qoymaq istəmirdilər...

Prezident Heydər Əliyevlə o möhtəşəm görüş!

2001-ci ilin dekabrı – düz 24 il bundan əvvəl.

O görüşdən bir parça – mənim akademik Cəlal Əliyevlə bağlı söylədiklərim illərdir ki, internet məkanını dolaşır. Milyonlarla baxış olub.

Lakin bu görüş nə idi, niyə oldu, nə baş verdi ki, Heydər Əliyev qəzet rəhbərlərini Prezident Administrasiyasına topladı və onlarla hər şeyi açıq danışdı?..

Və mən – müxalifətin əsas ruporu olan “Yeni Müsavat” qəzetinin baş redaktoru – orada nə üçün iştirak edirdim?

İndi daha geniş variantını təqdim etdiyim bu məşhur görüşün hekayəsi nədir? Necə oldu ki, Heydər Əliyev bizə tribuna verdi və bizlər də orada hər şeyi açıq danışdıq, tənqid etdik, tələblər irəli sürdük?..

Əvvəldən deyim: görüşdən dərhal sonra da açıqlama (müsahibə) vermişdim. Heydər Əliyev öz rəftarı və dözümü ilə məndə heyrət və simpatiya oyatmışdı.

Çünki görüşdən əvvəl və bu görüş AzTV vasitəsilə tam yayımlanana qədər “demokrat dostlarım” – Müsavat rəhbərliyi məni topa tuturdu.

Onlar və düşərgədən müəyyən kəsim, o cümlədən də hakimiyyətin bəzi cinahlarından olan şəxslər əllərindən gələn hər şeyi etdilər ki, mən o görüşə getməyim.

Dövlətin güc strukturu rəhbərlərindən birinin adından mənimlə bir vəkil görüşdü – elə Aparatın qabağında. İçəri keçməməyimi, görüşə qatılmamağımı israrla və inadla xahiş etdi. Həmin vəkil o rəhbər şəxsin adından dedi: “Səni içəridə təhqir edəcəklər, məcbur cavab verəcəksən, tutub aparacaqlar".

"Bəy, sən gəl qayıt, içəri girsən burdan qandalda çıxacaqsan”, – deyə o tanınmış vəkil israrla inandırmağa çalışdı.

Vəziyyət doğrudan da gərgin idi.

YAP noyabr ayında qurultay keçirmiş, müxalifətə bağlı 3 qəzeti – “Yeni Müsavat”, “Azadlıq” və “Hürriyyət” – düşmən elan etmiş, Ermənistandan maliyyələşdiyimiz iddiasını rəsmi bəyan halına salmış, bütün strukturları bizimlə mübarizəyə səsləmişdi.

Nəticədə, “Azərbaycan” nəşriyyatı bizi çapdan imtina etmiş, səyyar satıcılarımız küçələrdən zor gücünə yığışdırılmış, qəzet kağızı bazardan yoxa çıxmışdı.

Üstəlik də, son 1 ildə yığılıb qalmış borclarımızı dərhal tələb edirdi nəşriyyat.

12 dekabr (gün fərqli ola bilər) 2001-ci ildə bunlara etiraz olaraq KİV rəhbərləri küçə etirazlarına qalxmış, polis də bizi bir yaxşıca dəyənəklə döymüşdü.

Həmin günün axşamı ANS-ə müsahibə verib, efirdən Prezidentə müraciət etmişdim: bizə sahib çıxmasını, borclarımıza dəstək verməsini, üzərimizə söylənən iddiaları obyektiv araşdırmasını xahiş etmişdim.

Az sonra Əli Həsənov zəng etdi. Dedi: “Cənab Prezidentin adından zəng edirəm, reportaja və sənin müraciətinə baxıb. Maraqlanır: nəşriyyata borcunuz nə qədərdir…”

Beləcə, bu görüş mənimlə gedən danışıqlar nəticəsində təyin olundu. Tarixə möhtəşəm bir fakt düşdü.

Bəli, Müsavat rəhbərliyi görüşə getməməmi istədi. Hökumətdən müəyyən cinahı da yuxarıda yazdım. Biriləri münasibətlərin düzəlməsini, normallaşmasını və mətbuatla iqtidarın dialoqunun olmasını istəmirdi.

Axşamüstü xəbərlər proqramında görüşdən anons yayıldı. Mənə aid hissədə ard-arda Prezidentə təşəkkürlərimi göstərmişdilər.

Məsələmi səhərisi gün Divana qoydular. Onların prezident kimi tanımadığı biri ilə görüşə getməyimi və ona dəfələrlə təşəkkür etməyimi suç bildilər.

Mən də elə zəif biri deyildim ki, kimsə məni asanlıqla günahkar çıxartsın. Həm də verilişin tamamı hələ axşam yayımlanacaqdı. Dedim, səbr edin, görün nə eləmişəm…

Axşam görüş tam efirə gedəndə telefonlarım partlayırdı. Məni Divana çıxaranlar da zəng edib üzrxahlıq etdilər. Həm də paxılladılar.

Heydər Əliyev kimi nəhənglə polemika aparmağım, onunla ehtiyatla da olsa, mübahisə etməyim şöhrətimi, gücümü, reytinqimi daha da artırmışdı.

Xüsusilə o zaman hər kəsin qorxduğu akademik Cəlal Əliyevlə bağlı dediyim o məqam zirvə yapmışdı.

Beləliklə, indi yenidən üzə çıxan 24 il bundan əvvəlki görüşün hekayəsi və o dönəm ictimai-siyasi əhval barədə qısa açıqlamam budur.

Haqqında o qədər yazmamıza rəğmən Heydər Əliyev bizə yaxşı davranmış, böyüklük göstərmişdi.

Haqqında bir ömür yaxşı yazıb, yalnız bircə dəfə yüngül tənqid etdiyimiz partiya liderlərimiz bizimlə illərlə küsülü saxlayır, müxbirlərə cavab vermir, qəzetimizi boykot edirdilər.

Elə indi də “radikal” adlandırılan müxalifətin əhəmiyyətli qismi ilə ünvanlarına yazdıqlarımıza görə küsülüyük və boykotdayıq.

Heydər Əliyev fərqi budur. O zamanlar bunu tam görə bilmirdik: düşərgələşmə və ətrafımızdakı mühit buna imkan vermirdi.

Mən çıxışımın əvvəlində də dediyim kimi, məqalələrdə ara-sıra iqtidar rəhbərlərinin ünvanına “hörmətli” yazırdım. Və buna görə qəzetim və özüm suçlanır, ittiham olunur, xəyanətə ünvan göstərilirdim: "Hörmətli bizik, sən niyə hökumətə "hörmətli" yazırsan..."

Elə onu da deyim ki, keçmiş partiya və düşərgə yoldaşlarımın əksəriyyəti bu gün də çox dəyişməyiblər.

Yenə qatı rənglər, yenə bəsit və dözümsüz, həm də balaca dünya görüşü, yenə fərqli fikir və düşüncəyə görə suçlamalar…

...Yekunda bu görüşdən özümə aid olan hissəni tam olaraq yayıram və mərhum prezident Heydər Əliyevə – Azərbaycanın bu böyük liderinə və xilaskarına Allahdan rəhmət diləyirəm. 

Rauf Arifoğlu