Вернуться назад Распечатать

Həmkarlar İttifaqında gərginlik: İşçilər gec saatlaradək işlədilir, rəhbərlik “agent ovuna” çıxıb

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən “Kurort” Turizm İnformasiya Mərkəzində əmək intizamı və iş rejimi ilə bağlı ciddi narazılıqlar yaranıb.

1xeber.media xəbər verir ki,Editor.az-ın əldə etdiyi məlumata görə, müəssisədə çalışan işçilərin hər gün axşam saat 21:00–22:00-dək iş başında qalmağa məcbur edildiyi iddia edilir.

Üstəlik, əməkdaşların şənbə və bazar günləri də çalışmağa məcbur edildiyi iddia edilir.

İddialarla görə, əməkdaşlara əvvəlcədən əlavə iş saatları üçün kompensasiya — yəni maddi ödəniş vəd edilsə də, son anda bu vəddən imtina olunub: “Əvəzində işçilərə təzyiq göstərilərək, əlavə pul ödənişinin məzuniyyət günlərinin artırılması ilə əvəzlənməsini təsdiqləyən ərizə yazdırılır”.

İddialarla görə, Konfederasiyada qeyri-adi idarəçilik üsulları tətbiq olunur. Məlumata görə, AHİK sədri Sahib Məmmədov son aylarda “agent ovuna” çıxıb. O, işçilərə müəssisə daxilindəki məlumatların yayılmaması üçün “gizlilik öhdəliyi” adlı sənəd imzaladır və bu sənədə imza atmaqdan imtina edənlərə təzyiq göstərildiyi bildirilir.

Müşahidəçilər haqlı olaraq sual edirlər: AHİK bir QHT-dirmi, yoxsa xüsusi rejimli dövlət qurumu? Axı əməkhaqqı və sosial təminat hüquqlarının qorunmasını hədəfləyən bir təşkilat öz əməkdaşlarına bu cür yanaşmamalıdır.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, həftəlik iş vaxtı 40 saatdan artıq ola bilməz. Əlavə işə cəlbetmə yalnız əməkdaşın yazılı razılığı ilə və əlavə ödənişlə mümkündür. Bundan yayınmaqla işəgötürən qanun pozuntusuna yol verir və bu, İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə cərimə edilə bilər.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.