Rusiyada miqrant uşaqlarının pulsuz təhsili ləğv edilməlidir. Bunu Dövlət Dumasının deputatı, LDPR lideri Leonid Slutski deyib.
1xeber.media xəbər verir ki, O, bu barədə öz Telegram kanalında yazıb.
"Hamının təhsil alması üçün rahat şərait yaratmağa mane olan bir sıra səbəblər var: yeni məktəblər az tikilir, müəllimlər çatışmır. Amma daha önəmlisi odur ki, təhsil ocaqlarımız minlərlə miqrant uşaqla doludur. Xüsusilə 10-11-ci siniflərdə sıxlıq yaranıb", - o izah edib.
Onun fikrincə, müəllimlər həddən artıq iş yükü altındadır və bu səbəbdən tədrisin keyfiyyəti aşağı düşür. Parlamentari onu da qeyd edib ki, miqrant uşaqların əksəriyyətinin akademik göstəriciləri aşağıdır və bununla da yerli sakinlərin təhsili ləngiyir. Slutski əlavə edib ki, LDPR Dövlət Dumasına miqrant uşaqlar üçün 10-11-ci siniflərdə pulsuz təhsilin ləğvindən bəhs edən qanun layihəsi təqdim edəcək.
Bir müddət əvvəl Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev bildirib ki, uşaqları məktəbə getməyən miqrantlar Rusiya ərazisindən qovulmalıdır. O, Rusiyada 785 593 azyaşlı əcnəbinin olduğunu bildirən Daxili İşlər Nazirliyinin məlumatlarına da istinad edib.