Вернуться назад Распечатать

Dünya növbəti qlobal müharibənin astanasında: Bizi nə gözləyir?

 "Vaşinqton Rusiyanı çökdürmək planının tam yarısına nail olub".


Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli ABŞ prezidenti Donald Trampın iki atom sualtı qayığını Rusiya sahillərinə göndərməsinə münasibət bildirərkən deyib.


İbrahim Rüstəmli bildirib ki, hazırda daha ağır və qlobal müharibənin başlanğıc mərhələsindəyik:


"İndi dünyamız bir-iki nəfər özündənrazı, iddialı, eqoist insanın əlində qalıb. Təəssüf ki, dünya düzəninə, norma və qaydalarına sərt zərbələr vurulan addımlar atılır. Bir tərəfdən, Putin nüvə silahından danışır. İndi də Tramp iki atom sualtı qayığının Rusiya sərhədi yaxınlığında yerləşməsi qərarını verib".

 

Həmsöhbətimizə görə, bu ehtimal olunan qlobal müharibənin ilkin, soyuq müharibə mərhələsidir:


"Qələbə ilk növbədə soyuq müharibə cəbhəsində qazanılır. Bu mənada bir tərəfdə Rusiya, digər tərəfdə də ABŞ bir-birinə sərt mesajlar verməklə vəziyyətin gərginliyini önə çıxarmağa çalışırlar. Məsələnin nüvə silahına kimi gedib çıxması isə dünyada aparılan siyasətin uğursuz olduğunu göstərəcək. Ona görə də nə Rusiya, nə də ABŞ-ın bu son vasitəyə əl atacaqlarına inanıram".


İbrahim Rüstəmli bildirib ki, Amerikanın əsas planı Rusiyanı müharibələrə sürükləməklə onu çökdürməkdir:


"Bu mənada Vaşinqton həmin məqsədinin 50 faizinə nail olub. Rusiya qəfəsə salınmış ayıya bənzəyir. Nə edəcəyini bilmir. Rusiya hər gün geri addımlayır və bu ölkə heç zaman bu qədər təklənməyib".


Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib. O, həmçinin, ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu bildirib.


Tramp bu addımları Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatından sonra atdığını bildirib.