Вернуться назад Распечатать

Narahatlıq doğuran sükut: “Dəhliz açılsın” demişdilər, lakin…

Zəngəzur dəhlizinin açılması təkcə regional deyil, həm də qlobal miqyasda ciddi geoiqtisadi nəticələr doğura biləcək hadisə kimi qiymətləndirilir. A nöqtəsi Çindən başlanan və Orta Asiya, Cənubi Qafqaz,Türkiyə üzərindən Avropaya – konkret olaraq Böyük Britaniyaya qədər uzanan bu strateji marşrut Şərqlə Qərb  arasında yeni nəqliyyat və ticarət arteriyası kimi təqdim olunur.

Lakin son proseslərdə nə Pekinin açıq fəallığı müşahidə edilir, nə də Londondan ciddi siyasi mövqe ifadə olunub. Dəhlizin həm başlanğıc, həm də son nöqtəsində yerləşən bu iki böyük gücün susqunluğu diqqətdən yayınmır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü fonunda bu səssizlik müəyyən suallar doğurur.

1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsi qlobal güclərin diqqət mərkəzindədir:

“Onların hər biri nəzarəti ələ almaq istəyirlər. Dəhlizə nəzarət həm dividentlər, həm də iqtisadi gəlirlər deməkdir. Bu, eyni zamanda ciddi təsir mexanizmi anlamına gəlir.

Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs Pekini Londona bağlayan strateji bir xətt kimi qəbul edilir. Zəngəzur dəhlizi ilə bağlı aparılan aktiv müzakirələr, o cümlədən ABŞ-ın buradakı maraqları fonunda Çin və Böyük Britaniyanın konkret reaksiyası müşahidə olunmur. Ənənəvi olaraq Rusiya,İran , Avropa İttifaqı və ABŞ bu məsələyə açıq şəkildə mövqe bildirirlər. Əsas təşəbbüskar ölkələrin isə səssizliyi seçməsi diqqətçəkicidir. Pekin və London sakit görünürlər, lakin bu, onların prosesə qarışmadıqları mənasına gəlmir. Sadəcə belə bir yanaşma siyasi davranış tərzlərinə uyğundur”.

Politoloq bildirib ki, Zəngəzur dəhlizi region ölkələri üçün fövqəladə əhəmiyyət daşıyır:

“Pekin üçün isə dəhlizin konkret olaraq Zəngəzurdan, yoxsa Araz vadisindən keçməsinin o qədər də fərqi yoxdur. Çünki Çinin İranla da münasibətləri kifayət qədər yaxşıdır. Zəngəzura alternativ kimi Araz vadisindən keçən dəhlizin açılması da onu qane edə bilər.

Çinin Ermənistandakı səfirinin açıqlamalarını xatırlayaq. Böyük Britaniyanın Cənubi Qafqaz  üzrə nümayəndəsi isə həm Azərbaycana, həm də Ermənistana səfərlər etmişdi. O, sülhə töhfə verməyə hazır olduqlarını bildirmiş, kommunikasiyaların açılması məsələsində öz mövqelərini tərəflərə çatdırmışdı. Lakin yenə də bu ölkələrin prosesdə aktiv addımlar atdığı görünmür”.