Вернуться назад Распечатать

Tramp-Putin sammiti yaxınlaşır....

ABŞ və Rusiya arasında Ukraynada döyüşləri dayandıracaq, lakin ciddi ərazi güzəştlərinə səbəb olacaq atəşkəs planı müzakirə olunur.

1xeber.media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Ağ Evdəki mənbələrə istinadla sensasion məlumat yayıb.

Agentliyin yazdığına görə, hazırlanan saziş Rusiyanın Krım və Donbass üzərində nəzarətini rəsmiləşdirəcək. Sazişə əsasən, Rusiya 2014-cü ildən bəri işğal etdiyi Krımda və son illərdə nəzarətini gücləndirdiyi Donetsk və Luqansk ərazilərində legitim status əldə edəcək.

"Bloomberg" qeyd edir ki, bu plan Ukraynanın hazırda nəzarətində olan bəzi LXR və DXR bölgələrindən də geri çəkilməsini nəzərdə tutur. Yəni, Zelenskinin rəhbərlik etdiyi Kiyev hökuməti real olaraq daha çox ərazidən imtina etmək məcburiyyətində qala bilər.

Saziş çərçivəsində hərbi əməliyyatlar ön cəbhədə – xüsusilə də cənub istiqamətində dondurulacaq. Lakin strateji obyektlər – məsələn, Zaporoje Atom Elektrik Stansiyası – barəsində yekun razılıq yoxdur və bu “mübahisəli məsələ” sazişdən kənarda saxlanılacaq.

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan mümkün sammit bu danışıqların kulminasiya nöqtəsi hesab olunur. Danışıqların əsas hədəfi bölgədə “sabitlik görüntüsü” yaratmaq, eyni zamanda Tramp administrasiyasının Ukrayna münaqişəsini öz diplomatik uğuruna çevirməkdir.

Ancaq ekspertlər bu razılaşmanın Ukrayna üçün ciddi fəsadlar doğuracağını vurğulayırlar. Həm siyasi, həm də ictimai baxımdan Ukrayna rəhbərliyinin ərazilərdən geri çəkilməyə razılaşması, ölkədə daxili gərginliyi artıracaq. Müxalifət bu addımı xəyanət kimi qiymətləndirə, xalq arasında etirazlar alovlana bilər.

Siyasi müşahidəçilər hesab edir ki, bu razılaşma Rusiya üçün mühüm strateji uğur olacaq. ABŞ isə bu yolla bölgədə “sülh təşəbbüskarı” kimi görünmək, eyni zamanda İran və Çin kimi oyunçuların Cənubi və Şərqi Avropa istiqamətində təsirini zəiflətmək niyyətindədir.

Məlumatlara görə, Trampın irəli sürdüyü 8 avqust ultimatumunun qüvvədə olduğu, Kremli danışıqlara təhrik edən əsas faktor olduğu bildirilir. Bu tarixdən sonra Rusiya yeni sanksiyalarla üzləşə bilər ki, bu da Moskvanı diplomatik manevrlərə məcbur edir.

Hazırda nə Kiyev, nə də Moskva bu barədə rəsmi açıqlama verməyib. Lakin Bloomberg yazır ki, Vaşinqtonda proseslərin intensivləşdiyi, “sülh müqaviləsi”nin detallarının işlənməsi mərhələsinə keçildiyi müşahidə olunur.