Вернуться назад Распечатать

“Birinci Kanal”ın təbliğatçısının “Azərbaycanı dayandırın” çağırışı nədən xəbər verir?

“Birinci Kanal”ın təbliğatçısı Ruslan Ostaşko açıq şəkildə bildirib ki, Odessa vilayətində yerləşən “Orlovka” kompressor stansiyasına endirilən zərbə “Moskvadan Bakıya siqnaldır”.

1xeber.media xəbər verir ki, bu barədə “Minval - LIVE” Telegram kanalı məlumat yayıb. Onun sözlərinə görə, “Azərbaycanın Rusiyadan yan keçərək, hətta mövcud infrastrukturdan istifadə etməklə təchizat qurmaq cəhdləri dayanmalıdır”.

Bu sözlər faktiki olaraq Kremlin terroru siyasi alətə çevirdiyini etiraf etməsi deməkdir.

Bu, Rusiyanın media təmsilçiləri vasitəsilə Azərbaycanın müstəqil enerji siyasətini və Qərblə əməkdaşlıq hüququnu hədəfə alması, ölkəmizə açıq təhdidlər yönəltməsidir.

Ostaşkonun açıqlamaları sadəcə həyasızlıq deyil, bu, dövlət terrorizminə ideoloji bəraət verməyə cəhddir. Kreml bir daha sübut edir ki, qonşularına qarşı münasibətdə özünü sivil dövlət kimi deyil, silahlı dəstəyə çevrilmiş bir qurum kimi aparır, hansı ki, başqa dövlətlərə necə və kimlə ticarət etməyi diktə etməyə çalışır.

Rusiya artıq zorakılıq, şantaj və xaos üzərində qurulmuş, keçmiş imperiya xülyasından əl çəkməyən bir sistemə çevrilib. Azərbaycan isə bu qurumdan gələn heç bir “siqnalı” qəbul etmir və heç vaxt da qəbul etməyəcək.

Göründüyü kimi, Azərbaycanı dayandırmağa çağırışlar səslənir və hətta terror, təhdidlə ölkəni şantaj etmək istəkləri var. Lakin Rusiya Cənubi Qafqazdakı mövqeyini itirməkdə olduğunu özü də dərk etməkdədir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibə başlatmasından sonra Azərbaycan Avropa məkanında bir qaz ölkəsi kimi daha çox diqqət cəlb etməyə başlayıb. Sergey Koretski də qeyd edir ki, indiki halda Azərbaycan qazının Ukraynaya tədarükü - uzunmüddətli əməkdaşlığa yol açan strateji addımdır.

“Birinci Kanal”ın təbliğatçısı Ruslan Ostaşkonun “Azərbaycanın Rusiyadan yan keçərək, hətta mövcud infrastrukturdan istifadə etməklə təchizat qurmaq cəhdləri dayanmalıdır” çağırışı nədən xəbər verir?

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında mövcud durumdan qəti narahat olmadığını vurğuladı: “Müxtəlif jurnalistlərin, yaxud Kremlin təbliğatçılarının, yaxud da başıboş millət vəkillərinin Azərbaycana qarşı bəyanatları, çağırışları Rusiyanın aqoniyada olmasının göstəricisidir. Artıq Cənubi Qafqazda Azərbaycanı itirdiklərini özləri də dərk edirlər. Ona görə də, hədə-qorxu, təhdid dili ilə danışmağa çalışırlar. Bu da təbii ki, qəbul olunası məsələ deyil. Azərbaycan 2023-ci ildə öz suverenliyini tam bərpa edəndən sonra nəinki Rusiyası, nə Amerikası, nə də dünyanın heç bir ölkəsi bizimlə diktə dili ilə danışa bilməz. Sadəcə ruslar bizi qorxutmağa çalışırlar. Burada isə, duruşumuz möhkəm olmalıdır. Geriyə doğru heç bir addım atmaq olmaz. Çünki Rusiya qan iyisi hiss etsə, daha da o qana doğru hərəkət edəcək. Onun üçün də Azərbaycan mövqeyini dəyişməməlidir. Azərbaycanın əsas hədəfi özünün milli dövlət və xalq maraqları olmalıdır. Rusiya və digər ölkələr də bilməlidir ki, Azərbaycanın əsas strateji hədəfi özünün və xalqının rifahıdır. Əgər kimsə Azərbaycanla əməkdaşlıq etmək istəsə, bu faktoru nəzərə almalıdır. Əks halda təhdid, şantaj dili ilə nəyəsə nail olmaq olmaz. Rusiyanın Ukraynada apardığı savaş, dünyada təklənməsi fonunda yeni bir cəbhə açmaq Kremlə heç cür sərf etməz. Onun üçün də bu təhdidlər sadəcə söz yığınıdır. Bu təhdidlər elə təhdid olaraq da qalacaq. Onun üçün də belə fikirləri ciddiyə almıram. Əminəm ki, yaxın zamanlarda Rusiyanın siyasi elitası Azərbaycana qarşı yürütdüyü siyasətin yanlış olduğunu dərk edəcək və nəhayət ki, Azərbaycanla doğru münasibətlər qurmağa çalışacaqlar”.

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, hazırda Rusiya və Azərbaycan arasındakı gərginlik son 34 ilin ən çətin dönəmi kimi xarakterizə oluna bilər: 

“Kremlin imperialist düşüncəsi rəsmi Bakıdan da yan keçmir. Rusiya hazırda bütün dünyada neo-totalitarizmin yeni mərkəzi kimi tanınır. Görünən odur ki, Putin Rusiyası bütün keçmiş SSRİ dövlətlərini yenidən öz qanlı caynaqları arasına yığmağa çalışır. Amma Moskva bir şeyi unudur, artıq Azərbaycan 35 il öncəki sovet Azərbaycanı deyil. İndi bütün dünya liderləri Azərbaycanın dövlət başçısı ilə hesablaşır. Üstəlik, Kremldə başa düşürlər ki, Azərbaycan heç Ukrayna da deyil və Bakıya bu və ya digər formada hər hansı bir müdaxilə üçüncü dünya savaşına qədər gətirib çıxara bilər. Çünki Azərbaycan bütün dünyanın ən təhlükəsiz ticarət yolunun mərkəzində yerləşir. 

Pekindən Çinə qədər uzanan 21-ci əsrin ”İpək yolu" məhz buradan keçəcək. Söhbət “Bir kəmər - bir yol” kimi meqa layihədən gedir. Rusiyanı qıcıqlandıran da elə budur. Böyük güclər Putin rejimini bütün oyunlardan və gedişlərdən kənarda qoyurlar. Şimal və Cənub yolu artıq öz işləkliyini itirir. İndi dünyanın bütün iqtisadi beyin mərkəzləri Orta dəhlizə fokuslanıb. Bu dəhliz Orta Asiyanı Türkiyə və Azərbaycanla bağlayan unikal platformadadır. Rusiya həm də buna görə Azərbaycana qəzəblidir. Moskvada anlayırlar ki, Zəngəzur dəhlizinin açılması və “Bir kəmər-bir yol” layihəsinin işə düşməsi ilə təkcə Azərbaycan yox, bütün Orta Asiya dövlətləri Rusiyanın təsir dairəsindən uzaqlaşacaq.

Kreml isə bunu həzm edə bilmir. Rəsmi Bakının bütün tərəfdaşları ilə məsafəli və etibarlı əməkdaşlığı Azərbaycana çox güclü dostlar qazandırıb. Rusiyanın Azərbaycanı müharibə ilə təhdid etməsinin arxasında həm  də ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanma sənədinin imzalanması məsələsidir. Rusiya özü yaratdığı münaqişəni özü “bitirə” bilmədi. Onun həqiqi həlli Birləşmiş Ştatların vasitəçiliyi ilə gerçəkləşdi. İstənilən halda, Rusiya Azərbaycana qarşı real savaş aça bilməz. Bu, Kremlin Güney Qafqazdan və Orta Asiyadan tamamilə uzaqlaşmasına gətirib çıxaracaq".