Вернуться назад Распечатать

Azərbaycanın təbii qazı Türkiyə-Suriya boru kəməri ilə Homs əyalətinə çatıb

Azərbaycandan təbii qaz Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri vasitəsilə Suriyanın Homs vilayətinə çatdırılıb. Nəql edilən qaz mərkəzi Homs əyalətində yerləşən Cəndərma Qaz Elektrik Stansiyasına yönləndirilib.

1xeber.media TRT Haber-ə istinadən xəbər verir ki,növbəti mərhələdə qazın Cəndərma stansiyasından paytaxt Dəməşq yaxınlığındakı Nəsiriyə və Təşrin İES-lərinə ötürülməsi planlaşdırılır.


Elektrik stansiyasının klapanları Suriyanın energetika nazirinin müavini Qayyas Diyab və Homs valisi Əbdürrəhman əl-Amanın iştirakı ilə açılıb.


Qayyas Diyab jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycandan gələn təbii qaz bu gündən etibarən Türkiyə üzərindən Cəndərma Qaz Elektrik Stansiyasına çatdırılıb. Onun sözlərinə görə, maksimum sutkalıq ötürmə gücü 3,4 milyon kubmetr olan boru kəməri hazırda gündəlik 1,4 milyon kubmetr qaz ötürür ki, bu da 250 meqavat elektrik enerjisi istehsalına imkan verir.


Diyab vurğulayıb ki, Türkiyə üzərindən gələn bu axın Ərəb Təbii Qaz Boru Kəmərinin Türkiyəyə birləşdirilməsi istiqamətində strateji addımdır. Bu layihə Suriya elektrik şəbəkəsini region ölkələri ilə birləşdirəcək və daxili sabitliyi gücləndirəcək.


Onun sözlərinə görə, qazın bütün istilik elektrik stansiyalarına çatdırılması ölkənin sutkalıq elektrik təchizatını beş saata qədər artıracaq. Növbəti mərhələdə isə gündəlik 6 milyon kubmetr qazın ötürülməsini nəzərdə tutan yeni müqavilə ilə ev təsərrüfatlarının elektrik təminatı səkkiz saata qədər yüksəldiləcək.


Qeyd edək ki, Türkiyədən Suriyaya ilk təbii qaz axını avqustun 2-də başlayıb. Azərbaycan qazı Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri ilə Kilis üzərindən nəql olunur.