Azərbaycan Yaxın Şərq diplomatiyasında əsas oyunçuya çevrilir.
1xeber.media xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzetinin “Azərbaycan – İsrail və Suriya arasında sülh körpüsü” başlıqlı analitik məqaləsində deyilir.
Müəllifin sözlərinə görə, Bakı çoxdan enerji və regional təhlükəsizlik sahəsində çevik strategiyası ilə tanınır. İndi isə artıq Azərbaycan İsraillə Suriya arasında dialoqun qurulmasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.
"Azərbaycanın diplomatik yüksəlişi təsadüfi deyil. İllər boyu davam edən enerji tərəfdaşlığı və strateji uzaqgörənlik Bakını etibarlı regional oyunçuya çevirib. Azərbaycan həm İsrail, həm də müsəlman dünyası ilə paralel və balanslı əlaqələr saxlamaq iqtidarında olan nadir ölkələrdən biridir. Rəsmi Bakı uzun illər İsraillə, xüsusən müdafiə, kəşfiyyat, material və texnologiya sahələrində sıx əməkdaşlıq edir", - məqalədə deyilir.
Qeyd olunur ki, İsraillə səmərəli əməkdaşlığa baxmayaraq, Azərbaycan heç vaxt Suriyaya qarşı düşmənçilik siyasəti aparmayıb.
Müəllif Azərbaycanın neytral və etibarlı dialoq platforması kimi artan reputasiyasından danışaraq qeyd edib ki, Bakı “lazımsız səs-küyə yol vermədən” Suriya ilə bağlı İsrail və Türkiyə arasında “münaqişənin həlli” ilə bağlı texniki danışıqlar təşkil edir.
Məqalə müəllifinin fikrincə, bir sıra amillər Azərbaycanın effektiv vasitəçi kimi uğur qazanmaq şansını artırır:
- Balanslı siyasət: həm İsrail, həm də müsəlman dövlətləri ilə konstruktiv münasibətlər;
- Enerji diplomatiyası: əsas neft və qaz ixracatçısı kimi iqtisadi təsir.
- Türkiyə ilə strateji müttəfiqlik: Ankara-Bakı tandemi regionda əsas diplomatik qapıları açır.
- Dünyəvi idarəçilik: Azərbaycanın qeyri-ideoloji, praqmatik yanaşması.
Bakupost.az